Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış seçki məntəqəsi səsverməyə tam hazırdır VİDEO
Brüssel, 6 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Belçikada və Lüksemburqda yaşayan və ya uzunmüddətli ezamiyyədə olan, eləcə də seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları 40 saylı seçki məntəqəsində səs verəcəklər.
Növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq. Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi olan şəxslər həmin sənədlərlə seçki məntəqəsinə gələrək səsvermə hüquqlarından istifadə edəcəklər.
Vətəndaşların məlumatlandırılması məqsədilə səfirliyin rəsmi internet səhifəsi və sosial şəbəkələri vasitəsilə paylaşımlar edilib. Seçki məntəqəsində seçicilərin namizədlərlə tanış olmaları üçün müvafiq yerlərdə təbliğat materialları qoyulub və səsvermə prosesinin mərhələləri barədə məlumatlar yerləşdirilib.
Həmçinin Lüksemburqda yaşayan vətəndaşlarımızın sorğusu nəzərə alınaraq, vətəndaşların seçkilərdə iştirakının təmin edilməsi məqsədilə səfirlik tərəfindən Lüksemburq-Brüssel-Lüksemburq marşrutu üzrə avtobus ayrılıb.