Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar VİDEO





















Şəki, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və sosial-psixoloji reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqlar iyunun 26-da Şəki şəhərinə səfər edib, bu qədim diyarın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ukraynalı uşaqların qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Qonaqlara məlumat verilib ki, qədim Şəki diyarı dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı ilə tanışlıq uşaqlarda böyük maraq oyadıb. Onların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Məlumat verilib ki, saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Ukraynalı uşaqlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanışlıq zamanı məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn turistlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.
Şəkinin tarixi məkanları ilə tanışlıq ukraynalı uşaqların böyük marağına səbəb olub.
Qeyd edək ki, Qəbələ və Şəki turundan əvvəl ukraynalı uşaqlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvar, həmçinin Atəşgah məbədi, Yanardağ abidəsi və digər tarixi məkanlarla tanış olublar. Uşaqlar Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb edilib, həmçinin milli mətbəximizlə tanış olub, bu sahədə ustad dərslərdə iştirak ediblər.
Ongünlük sosial-psixoloji reabilitasiya proqramı ukraynalı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.