Elnur Bağırlı: Müxtəlif ölkələrdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 200-dən artıq məqalə nəşr olunub VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
2023-cü ildən başlayaraq Qərbi Azərbaycan mövzusu Agentlik üçün prioritet mövzu olub. Qərbi azərbaycanlıların Qayıdış Konsepsiyasının icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi çərçivəsində 2023-2024-cü illərdə 2 forum, 6 elmi-praktiki konfrans, 2 beynəlxalq konfrans keçirilib. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı 37 müxtəlif görüş, təqdimat və müzakirələr, həmçinin 2 fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin "Qərbi Azərbaycana qayıdış" istiqaməti üzrə icra edilən layihələrə dair brifinqi zamanı söyləyib.
O bildirib ki, qeyd olunan illərdə Qərbi Azərbaycanla bağlı 24 televiziya verilişi, 9 film hazırlanıb və nümayiş olunub, 3 sosial çarx çəkilib.
E.Bağırlı əlavə edib ki, müxtəlif ölkələrdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 200-dən artıq məqalə nəşr olunub, 6 veb-sayt yaradılaraq ictimaiyyətə təqdim edilib. Eyni zamanda, 15 kitab nəşr edilib, müxtəlif dillərə tərcümə olunub.