Lənkəranda ilk dəfə arı terapiya məkanı yaradılıb – arılar arasında yeni müalicə üsulu FOTO VİDEO
Lənkəran, 16 fevral, İlkin Adıyev, AZƏRTAC
İnsanlar sağlamlıq tapmaq üçün bəzən ən qeyri-adi məkanlara üz tuturlar. Bu ünvanlardan biri də cənub bölgəsində – təbiətin qoynunda yaradılan kiçik arı terapiyası məkanıdır. Məqsəd sağlamlıq üçün təbiətin öz imkanlarından yararlanmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, arıçı Teymur Əliyev Lənkəranda ilk dəfə arı terapiyası məkanı yaradaraq bölgədə yeniliyə imza atıb. Uzun illərdir arıçılıqla məşğul olan təsərrüfat sahibi arı məhsullarının insan sağlamlığı üçün faydalarını yaxından müşahidə etdikdən sonra bu ideyanı reallaşdırmaq qərarına gəlib. Qarşılaşdığı maddi çətinliklər və təsərrüfatla bağlı müxtəlif problemlər belə onu bu işdən döndərə bilməyib.
“Arı terapiyası evində xüsusi nəfəslik sistemi quraşdırmışam. Bura gələn insanlar pətəklərdən gələn havanı birbaşa qəbul edirlər. O hava propolisin, balın, mumun və arı südünün təbii qoxusu ilə zəngin olur. Mən illərdir arıçılıqla məşğulam və bu mühitin insanı necə rahatlatdığını özüm dəfələrlə müşahidə etmişəm. Arı məhsullarının tərkibində olan təbii maddələr nəfəs yollarına müsbət təsir göstərir. Bundan əsasən astma, bronxit, allergiya, xroniki baş ağrıları və müxtəlif ağciyər problemlərindən əziyyət çəkən insanlar faydalana bilərlər. Məqsədim təbiətin bu imkanından yararlanaraq, insanlara alternativ dəstək təqdim etməkdir” , - deyə arıçı bildirib.

Terapiya prosesi zamanı insanlar xüsusi taxt üzərində uzanaraq həm istirahət edir, həm də pətəklərdən gələn isti və aromatik hava ilə nəfəs alırlar. Seanslar müəyyən vaxt intervalında həyata keçirilir və sakit mühitdə keçirilən bu prosedur həm fiziki, həm də psixoloji rahatlıq yaradır.
Təsərrüfat sahibi onu da əlavə edib ki, əsas məqsəd heç bir kimyəvi müdaxilə olmadan, birbaşa təbiətin şəfaverici gücündən istifadə edərək insanlara dəstək olmaqdır. Bununla yanaşı, o, arı ailələrinin qorunmasının vacibliyini də xüsusi vurğulayır. Çünki son illərdə yayılan müxtəlif xəstəliklər və qlobal iqlim dəyişikliyi arıçılıq təsərrüfatlarına ciddi təhlükə yaradır.
Hazırda bu təşəbbüsə maraq getdikcə artmaqdadır. Müalicəvi məkanı yerli sakinlərlə yanaşı, digər bölgələrdən gələn qonaqlar da ziyarət edirlər. Arıçıların başlıca hədəfi isə bu təbii şəfa mənbəyini yaşatmaq, arı təsərrüfatlarını xəstəliklərdən mühafizə etmək və bölgədə arıçılığın inkişafına dəstək almaqdır.