AMEA-da Elm Günü qeyd olunub VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elm Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm Günü və elm haqqında söz, akademik elmin vəzifələri" mövzusunda çıxış edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildən qeyd edilən Elm Günü müstəqil Azərbaycan dövlətinin yaradıcı ziyalılarının, alimlərinin, elm adamlarının xidmətlərinə verdiyi yüksək qiymətin əməli ifadəsidir. Ötənilki Elm Günündən keçən birillik dövrün elm aləmi üçün ən böyük tarixi hadisəsi Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində iştirak etməsi və dərin məzmunlu, proqram xarakterli nitq söyləməsi olub. AMEA rəhbəri qeyd edib ki, dövlətimizin başçısının nitqində Azərbaycan dili və Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu vəzifələr azərbaycançılıq ideyasının və ideologiyasının elmi əsaslarının daha dərindən və əhatəli şəkildə tədqiq edilməsinə dair müasir çağırışları əks etdirir.
Sonra çıxış edən “Elm günü”nün fəxri qonağı, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı, professor Fərhad Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə və elmin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu siyasətin ölkənin mədəni-mənəvi tərəqqisində həlledici rol oynadığını vurğulayıb.
Tədbirdə Milli Məclisinin Elm və təhsil komitəsinin sədri pofessor Anar İsgəndərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA-nın müşaviri akademik Adil Qəribov, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev, AMEA-nın Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyev çıxış edərək son illərdə Azərbaycan elminin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər.
Tədbir ərzində, o cümlədən Elm Günü münasibətilə süni intellekt alətləri ilə hazırlanmış Dədə Qorqudun Azərbaycan dili, Memar Əcəminin daş yaddaş və memarlıq, akademik Mirəsədulla Mirqasımovun isə tibb və elmə həsr olunmuş çıxışları nümayiş etdirilib.
Daha sonra bir sıra alimə mükafatlar təqdim olunub.
Akademik Cəmil Əliyev və AMEA-nın müxbir üzvü Qorxmaz İmanov yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanları ilə, AMEA-nın müxbir üzvü Nüşabə Araslı isə “AMEA-nın Üzeyir Hacıbəyli döş nişanı” ilə təltif edilib.
Bundan başqa, Elm Günü münasibətilə yüksək impakt faktorlu jurnallarda məqalələrin çapına görə I-III yerləri tutan əməkdaşlara sertifikatlar, gənc tədqiqatçılara “İlin gənc alimi” diplomları təqdim edilib. Həmçinin rəqəmsallaşma və süni intellekt sahəsində fərqlənən AMEA əməkdaşları təltif olunublar.