Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Məktəbəqədər təhsil sahəsində növbəti illərdə də əsas hədəfimiz əhatəliliyin, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əməyin stimullaşdırılması olacaq.
Bunu İctimai Televiziyada “Pressinq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov AZƏRTAC-ın sualına cavabında bildirib.
Agentlik direktoru ümumi təhsil sahəsində məzmun və təhsil proqramlarının təkmilləşdirilməsinin, müəllim peşəkarlığının artırılmasının, müəllimlərin seçimi və sertifikatlaşdırılması proseslərinin əsas istiqamətlərdən olacağını vurğulayıb.
“Əgər biz ümumi təhsildən danışırıqsa, burada məzmun dəyişikliyi, təhsil proqramlarının dəyişikliyi, eyni zamanda, müəllim peşəkarlığı, müəllimlərin seçimi, sertifikasiyası əsas fəaliyyətlərimizdən biri olacaq”, – deyə Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, ümumi təhsil sistemində qarşıdakı dövr üçün əsas hədəflərdən biri də direktorların və digər idarəçilərin formalaşdırılması, onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi olacaq.
“Əgər müəllimlərdən danışdıqsa, eyni zamanda direktorların da, idarəçilərin də formalaşdırılması, onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ümumi təhsilin qarşısında duran əsas hədəflərimizdəndir”, – deyə Agentlik direktoru əlavə edib.
Müxbir - Tünzalə Zeyvəliyeva