Sloveniya xarici və Avropa məsələləri nazirinin gələn il Azərbaycana səfəri gözlənilir VİDEO
Nyu-York, 25 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Bunu AZƏRTAC-a açıqlamasında Sloveniyanın xarici və Avropa məsələləri naziri Tone Kajzer deyib.
“Sloveniya kiçik ölkədir, əhalimiz 2 milyon nəfərdir. Lakin istehsal etdiyimiz məhsulların təxminən 80 faizini ixrac edirik. Buna görə də yüksək ixracyönümlü ölkəyik və Azərbaycanla əməkdaşlıq üçün çoxlu imkanlar görürük”, – deyə nazir bildirib.
O qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı, enerji və digər resursları iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Sloveniyanın xarici işlər naziri, həmçinin gələn ilin birinci yarısında Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.