Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Artıq Azərbaycanda açıq bankçılıq xidməti geniş istifadə olunur və bütün banklar bu sistemə qoşulub. Bu, açıq bankçılıqəsaslı məhsulların yaradılması baxımından fintex şirkətləri üçün geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbirdə deyib.
O bildirib ki, yerli fintex şirkətləri bu imkanları dəyərləndirməli, açıq bankçılıq əsasında yeni məhsul və xidmətlərin yaradılmasına diqqət yetirməlidirlər: “Bu inkişaf tendensiyası təkcə Azərbaycanda deyil, türk dövlətlərinin təmsil olunduğu regionda da müşahidə edilir. Bu isə fintex şirkətlərinə bir ölkədə investisiya qoyduqları məhsulları digər ölkələrin bazarlarında da tətbiq etmək imkanı yaradır”.
Mərkəzi Bankın Türkiyə, Özbəkistan, Qazaxıstan və regionun digər ölkələrinin mərkəzi bankları ilə sıx əməkdaşlıq etdiyini vurğulayan sədr müavini yaxın gələcəkdə xüsusi tənzimləmə rejimlərinin birgə hazırlanmasının da nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs fintex şirkətlərinin məhsullarını müxtəlif bazarlarda sınaqdan keçirməsinə və yeni bazarlara çıxış imkanlarını genişləndirməsinə şərait yaradacaq.