86 saylı İsmayıllı seçki dairəsində treninqlər başa çatıb
İsmayıllı, 31 yanvar, AZƏRTAC
86 saylı İsmayıllı seçki dairəsində fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar aşağı seçki komissiyaları üçün yanvarın 27-dən başlanan treninqlər başa çatıb.
Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, beş gün davam edən treninqlərə 69 məntəqə üzrə 414 nəfər komissiya üzvü cəlb edilib. Treninqlər günün birinci və ikinci yarısında olmaqla kiçik qruplar üzrə keçirilib. Maarifləndirici tədbiri DSK-nın baş məsləhətçisi Eldar Əliyev və böyük məsləhətçi aparıblar.
Aşağı seçki komissiyaları üçün təşkil olunan treninqlərdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə proseslərinə dair praktiki tapşırıqlar mövzuları tədris olunub.
İştirakçılara təlimlərdə istifadə etmək üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim edilib.