8 Noyabr- Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri və qazilərlə görüş olub
Bakı, 6 noyabr, AZƏRTAC
8 Noyabr- Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü əsasında şəhid ailələrinin üzvləri və bir qrup qazinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhidlərin, qazilərin, ümumilikdə qəhrəman Azərbaycan Ordusunun şücaəti, cəsarəti və igidliyi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. O, şəhidlərin, Vətən uğrunda canından, qanından keçənlərin haqqının danılmaz olduğunu vurğulayıb.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərib. Azərbaycan hərbi meydanda qazandığı Qələbəni dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində siyasi müstəvidə də möhkəmləndirib”,- deyə M. Nağıyev vurğulayıb.
O əlavə edib ki, Zəfər günlərimiz gələcək nəsillər tərəfindən də fəxarətlə xatırlanacaq.
Şəhidlərin ailə üzvləri və qazilər Zəfər Gününün, həmçinin Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, şəhidlərin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq. Bu gün hər birimiz onların sayəsində qalib dövlətin qalib vətəndaşları kimi yaşayırıq.
Tədbir vətənpərvərlik mövzusunda mahnılardan ibarət konsert proqramı ilə davam edib.