REGİONLAR
Bərdənin daha dörd kəndinə təbii qaz verilib VİDEO
Bərdə, 30 noyabr, AZƏRTAC
Bərdə rayonunun daha dörd kəndinə - Bəciravan, Nazırlı, Tumaslı və Yerli Ağalı kəndlərinə təbii qaz verilib. Ümumilikdə 1076 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 65862 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər sakinləri kəndlərin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial layihələrdən, o cümlədən yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Məlumat verilib ki, cari ilin ötən dövründə rayonda 527,9 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilərək 25 kənd qazlaşdırılıb, 3814 abonentə təbii qaz verilib. Hazırda rayonun digər kəndlərində qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir. İlin sonunadək rayonun bütün kəndlərinin təbii qazla təmin olunması nəzərdə tutulur.
Kənd sakinləri əhalinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.