REGİONLAR
Qəbələdə Almaniyanın “Millətlər Filarmoniyası” Orkestrinin ifası ayaqüstə alqışlanıb VİDEO
Qəbələ, 26 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələ şəhərində Almaniyanın dünya şöhrətli “Millətlər Filarmoniyası” Orkestrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli musiqisi pərəstişkarlarının iştirak etdiyi musiqi axşamında böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılıb. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir bəy Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır.
O, müsəlman Şərqində operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb. Diqqətə çatdırılıb ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il sentyabrın 17-27-də Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalları keçirilir, konsertlərdə görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Çıxışlardan sonra Almaniyanın tanınmış dirijoru, pianoçu və solisti Yustuz Frantzın rəhbərliyi ilə “Millətlər Filarmoniyası” Orkestrinin möhtəşəm konserti olub. Dünyanın müxtəlif xalqlarından olan musiqiçilərin təmsil olunduğu “Millətlər Filarmoniyası” Orkestrinin üzvləri dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Lüdviq Bethoven, Frederik Şopen və Antonio Vivaldinin əsərlərini böyük məharətlə ifa ediblər. Orkestri skripkada Avropa və Rusiyanın tanınmış musiqiçisi, Yustuz Frantzın həyat yoldaşı Kseniya Dobrovskaya müşaiyət edib. Almaniya orkestrinin repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinin ifası tamaşaçıların böyük marağına səbəb olub və musiqiçilər ayaqüstə alqışlanıb. Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan və iki saat davam edən konsertdə 1200-ə yaxın tamaşaçı iştirak edib.
Qeyd edək ki, “Millətlər Filarmoniyası” Orkestri il ərzində dünyanın müxtəlif şəhərlərində 200-ə yaxın konsert verir. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı və Qəbələdə musiqisevərlər qarşısında çıxış edən orkestrin üzvləri növbəti konsert üçün Tbilisi şəhərinə yola düşüblər.