MƏDƏNİYYƏT
Ədəbiyyat xadimlərinə Rəsul Rza Beynəlxalq mükafatı təqdim olunub
Bakı, 19 may, Zərəngiz Mansurova, Flora Şükürova, AZƏRTAC
Mayın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - xalq şairi, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın anadan olmasının 105-ci ildönümü münasibətilə ədibin xatirəsini anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə görkəmli poeziya ustasının Fəxri xiyabandakı məzarını ziyarət edib, üzərinə tər çiçək dəstələri düzüblər.
AYB-də davam etdirilən tədbirdə xalq şairi Fikrət Qoca Rəsul Rzanın həyat və yaradıcılığından danışıb, onun poeziyasının həmişəyaşar olduğunu bildirib.
Mərasim iştirakçıları böyük şairin poeziyada özünəməxsus məktəb yaratdığını vurğulayıblar.
Ötən əsrin 60-cı illər ədəbi mühitin yetirmələrindən olan Yusif Həsənbəy ustadının gənclərə qayğısından, xeyirxahlığından, dəyərli məsləhətləri ilə hər zaman onların yanında olmasından, bir insan kimi təvazökarlığından söhbət açıb.
Tədbirdə bir qrup ədəbiyyat xadiminə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondu tərəfindən təsis edilmiş Rəsul Rza Beynəlxalq mükafatı təqdim olunub.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, AYB-nin “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, şairələr Zərəngiz Qayalı, Şahinə Şükür və başqaları bu mükafatı bütövlükdə ədəbiyyatımıza göstərilən qayğının təzahürü kimi qiymətləndiriblər.
Sonda AYB-in sədri, xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. O, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra elm, ədəbiyyat, incəsənət xadimlərinə qayğının artdığını diqqətə çatdırıb.
Anar Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yazıçı və şairlərin hər il Prezident təqaüdünə layiq görüldüyünü, bunlar arasında gənclərin də olduğunu bildirib. O, bundan sonra da novator yazıçıların yaradıcılığına diqqət və qayğı göstəriləcəyini vurğulayıb.