REGİONLAR


Ağdamın Qaradağlı kəndinin sakinləri düşmənin təxribatlarından qorxmurlar - FOTO VİDEO

Ağdam, 17 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC

Cəbhədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı qarşısında aciz qalaraq geri çəkilən Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmənin hədəfə aldığı Ağdam rayonunun Qaradağlı kəndinə gedərək qəhrəman kənd sakinləri ilə həmsöhbət olub. Sakinlər söhbət zamanı bildiriblər ki, təkcə bu gecə kəndin ərazisinə 40-dan çox mərmi atılıb. Lakin düşmənin təxribatları kənd sakinlərini qorxutmur. Yaşayış məntəqəsində həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.

Kənd sakini Nəriman İbadov deyib: “Mənfur düşmən kəndi hər gün atəşə tutur. Bu onların xislətidir. Mərmilər həm kənddəki evlərə, yardımçı binalara ziyan vurur, həm də əkin sahələrinə düşür. Buna baxmayaraq, camaat kəndimizdədir. Ordumuzun cəbhədə qazandığı qələbələr bizi sevindirir, ruhlandırır. Allah ordumuzu qorusun”.

Digər sakin Razi Mirzəyev isə deyib: “Bu gecə düşmən kəndi yenə atəşə tutdu. Qonşumuzun evi yanırdı, söndürdük. Evlər dağılsa da, yansa da, nə qədər ziyan olsa da kəndimizdəyik. Prezidentimizə, ordumuza güvənirik, hər an döyüşlərdə iştirak etməyə hazırıq”.

Qeyd edək ki, Ermənistan hərbçilərinin sentyabrın 27-dən başlayan artilleriya atəşləri nəticəsində ilkin məlumata görə, Ağdam rayonunun yaşayış məntəqələrində 56 ev tamamilə dağılıb, 400-dən artıq evə, 86 yardımçı tikiliyə, 16 sosial, 2 istehsal, 1 su təchizatı, 16 ticarət, 5 ictimai iaşə obyektinə, 5 inzibati binaya ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.