Akademik Məmməd Cəfər Cəfərovun monoqrafiyaları aktuallığını bu gün də saxlayan əvəzsiz mənbələrdir
Bakı, 11 may, AZƏRTAC
Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.
AZƏRTAC Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun anım günündə onun həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
O, 1909-cu il mayın 9-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsini bitirib. Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim, dekan, kafedra müdiri, "Ədəbiyyat qəzeti"nin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Tənqid və ədəbiyyatşünaslıq bölməsinin müdiri olub. Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat və Ədəbiyyat nəzəriyyəsi şöbələrinin müdiri, institutun direktoru, akademik katibi vəzifələrində çalışıb, 1987-ci ildən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda elmi fəaliyyətini davam etdirib.
Azərbaycan-rus ədəbi əlaqələrinin, Azərbaycan və Avropa klassik ədəbi irsinin, romantizmin tədqiqinə və s. mövzulara həsr olunmuş 30-dan çox monoqrafiya, kitab, dərslik, 300-dən çox məqalə onu tənqidçi, ədəbiyyatşünas-alim kimi səciyyələndirir.
Alimin "Rus ədəbiyyatı tarixi oçerkləri" (1939), "Rus klassikləri" (1969) və üçcildlik "XIX əsr rus ədəbiyyatı tarixi" (1970, 1974) dərslikləri, "Klassiklərimiz haqqında" (1948), "M.F.Axundovun ədəbi tənqidi görüşləri" (1950), "Ədəbi düşüncələr" (1958), "Füzuli düşünür" (1959), "Hüseyn Cavid" (1960), "Azərbaycan ədəbiyyatında romantizm" (1963), "Cəlil Məmmədquluzadə" (1966), "Estetik zövq haqqında" (1965), "Mütəfəkkirin şəxsiyyəti" (1966), "Estetik tərbiyə, ailə və məktəb" (1967), "Həyatın romantikası" (1968), "Sənət yollarında" (1975), "Nizaminin fikir dünyası" (1982) və s. kitab və monoqrafiyaları Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz elmi sanbalını, aktuallığını bu gün də saxlayan əvəzsiz mənbələrdir. Zəngin və çoxşaxəli elmi fəaliyyəti ilə yanaşı, Məmməd Cəfər bədii yaradıcılıqla da məşğul olub, "Zurnaçı", "M.N.", "Dəmdəməki", "Zorən təbib", "M.Zeynaloğlu" imzaları ilə hekayələr çap etdirib, miniatür, novella, povest janrlarında qələmini sınayıb. İlk bədii əsəri 1942-ci ildə nəşr olunmuş oçerklərdən ibarət "Snayper İlyas" adlı kitabıdır.
Tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığı tarixində önəmli mövqeyə malik olan akademik həm də mollanəsrəddinşünas alim kimi özünəməxsus həqiqət, doğruluq və səmimiyyətlə öz sözünü demişdir. Onun görkəmli mollanəsrəddinçilər haqqındakı tədqiqatları həm elmi qənaətlərinin dəqiqliyi, düzgünlüyü, həm də emosionallığı, güclü məntiqi ilə diqqəti cəlb edir.
Akademik Məmmədcəfər Cəfərov 1992-ci il mayın 11-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatşünaslığı elminə verilən yüksək dəyərin bariz nümunəsidir.