Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib
Bakı, 23 may, AZƏRTAC
“Bakı Dizayn Akademiyası”nda mayın 23-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “PAŞA Bank” və ASAN İnnovativ İnkişaf Mərkəzinin sponsorluğu ilə “Microsoft World Championship Hackathon” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Məhsulun inkişafı və strateji partnyorlar şöbəsinin rəhbəri Çərkəz Sadıqlı, “Bakı Dizayn Akademiyası”nın təsisçisi Aysel Gülmməmmədova çıxış ediblər.
Daha sonra tədbirdə “2026-cı il Adobe Championship Hackathon” qaliblərinə beynəlxalq sertifikatlar təqdim olunub.
Tədbirdə Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universiteti, Dizayn və dekorativ tətbiqi kafedrasının dosenti Fəxriyyə Xələfova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Axundova, “PAŞA Bank”ın Marketinq departamentinin direktoru Günel Mavliyarova və ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru Aysel Cəbrayılova iştirak ediblər.
Daha sonra tədbirdə “2026-cı il Adobe Championship Hackathon” qalibləri Leyla Bağırzadə və Leyla Novruzova gənclər üçün motivasiya çıxışı ediblər.
Qeyd edək ki, “Microsoft Office Specialist World Championship” (“MOS Championship”) “Microsoft Office” proqramları üzrə keçirilən dünyanın ən nüfuzlu beynəlxalq çempionatlarından biridir.
Yarışma “Microsoft” tərəfindən rəsmi şəkildə dəstəklənir və “Certiport” tərəfindən təşkil olunur. Layihənin əsas məqsədi gənclərin rəqəmsal bilikləri, xüsusilə “Microsoft Excel” üzrə praktiki bacarıqlarını inkişaf etdirmək, onların beynəlxalq sertifikat əldə etməsinə və dünya səviyyəsində rəqabət aparmasına imkan yaratmaqdır.
Bu il layihə Azərbaycanda “Bakı Dizayn Akademiyası” tərəfindən həyata keçirilir. Layihə bir neçə əsas mərhələdən ibarətdir.