Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir
Bakı, 23 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasındakı rolunu yüksək qiymətləndirməmək mümkün deyil.
Bunu AZƏRTAC-a “WSB University” universitetinin (Polşa) Tətbiqi Elmlər fakültəsinin dekan müavini Marçin Budzinski bildirib.
Onun sözlərinə görə, WUF13-də iştirak xüsusi əhəmiyyət kəsb edir, çünki forum dayanıqlı və “ağıllı” şəhərlərin gələcəyinin müzakirəsinə həsr olunub. Belə beynəlxalq platformalar urbanizasiya ilə bağlı aktual çağırışları müzakirə etməklə yanaşı, onların aradan qaldırılması üçün praktiki həllərin formalaşdırılmasına da imkan yaradır.
Agentliyin həmsöhbəti vurğulayıb ki, forumun ən mühüm üstünlüyü qlobal təcrübə mübadiləsidir. Belə ki, iştirakçılar dünyanın müxtəlif regionlarını – Avropanı, Asiyanı və Amerikanı təmsil edirlər. Onun fikrincə, inkişaf səviyyəsi və yanaşmalar fərqli olsa da, dayanıqlı inkişaf və “Ağıllı şəhər” konsepsiyası bütün ölkələr üçün ortaq gələcəkdir.
Marçin Budzinski, həmçinin qeyd edib ki, belə tədbirlər yeni peşəkar əlaqələrin qurulmasına, dayanıqlı inkişaf sahəsində gələcək birgə layihə və tərəfdaşlıqların formalaşmasına kömək edir.
Bakının rolu ilə bağlı sualı cavablandıran dekan müavini şəhərə və forumun təşkilinə səmimi heyranlığını ifadə edib, yerli əhalinin qonaqpərvərliyini və təhlükəsizlik hissini xüsusi vurğulayıb.
“Bakı şəhərlərin dayanıqlılıq istiqamətində uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir, həmçinin modernləşmə ilə rahat şəhər mühitinin necə uzlaşdırıla biləcəyini nümayiş etdirir”, – deyə dekan müavini əlavə edib.
Müxbir – Tamilla Məmmədova