UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan şəhər bərpası və ictimai məkanların inkişafına uğurlu yanaşma nümayiş etdirir.
Bu barədə AZƏRTAC-a Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) şəhər bərpası və ictimai məkanların inkişafı üzrə mütəxəssisi Xose Çonq bildirib.
Onun sözlərinə görə, Azərbaycan şəhərləşmə prosesini fəal şəkildə həyata keçirən və ictimai məkanların inkişafına və şəhər bərpasına əhəmiyyətli diqqət yetirən bir ölkədir.
“Burada tarixi irsdən, innovativ yanaşmalardan və ətraf mühit resurslarından istifadə etməklə şəhər mühitinin yaxşılaşdırılması üçün artıq diqqətəlayiq səylər göstərilir. Bu yanaşma sakinlərin həyat keyfiyyətinin və ölkəyə gələn qonaqların məmnuniyyətinin yaxşılaşdırılmasına töhfə verir”, - deyə agentliyin həmsöhbəti qeyd edib və əlavə edib ki, Azərbaycan mədəniyyət, adət-ənənə və innovasiyaların kombinasiyasının davamlı şəhər inkişafı üçün necə effektiv şəkildə istifadə edilə biləcəyinə dair nümunə göstərir.
Xose Çonq vurğulayıb ki, ölkənin seçdiyi yol şəhərlərin həyat keyfiyyətinin yaxşılaşdırılması və yerli iqtisadi inkişafın stimullaşdırılması üçün mərkəz kimi əhəmiyyətini nümayiş etdirir.
Müxbir – Tamilla Məmmədova