Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Ankara, 23 may, AZƏRTAC
Türkiyənin Qars şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Qarsdakı baş konsulluğu tərəfindən təşkil edilən tədbirdə qardaş ölkənin diplomatları, rəsmi qurumlarının, partiyalarının, Silahlı Qüvvələrinin, bələdiyyə orqanlarının və ictimai təşkilatlarının nümayəndələri, eləcə də mədəniyyət xadimləri, Qafqaz Universitetinin müəllimləri və tələbələri iştirak ediblər.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev Azərbaycanın dövlətçiliyinin inkişaf mərhələləri barədə məlumat verib və respublikanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə diqqət çəkib.
O, Ümummilli Lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət" kəlamı işığında Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik və dostluğun sarsılmazlığını vurğulayıb.
Şəhərsalma və memarlıq da daxil olmaqla, müasir Azərbaycanın nailiyyətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbir musiqi proqramı ilə başa çatıb.