Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanın Mavritaniyadakı səfiri Tural Rzayev etimadnaməsini Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təqdim edib.
Azərbaycanın Əlcəzairdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, etimadnamənin təqdimetmə mərasimində səfir Tural Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Mavritaniya Prezidentinə çatdırıb. Səfir iki ölkə arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından və qarşılıqlı dəstəkdən söhbət açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş edən Mavritaniya Prezidenti əl-Qazuani COP-29 çərçivəsində ölkəmizə işgüzar səfərindən və xoş təəssüratlarından danışıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanlarının inkişafında maraqlı olduqlarını bildirib.