Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Yekaterinburq, 23 may, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğu tərəfindən “Hyatt Regency” mehmanxanasında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun rəhbərləri, deputatlar, elm xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Sverdlovsk vilayətində və ətraf bölgələrdə yaşayan diaspor nümayəndələri, həmçinin Yekaterinburqda təhsil alan tələbələr iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev Azərbaycan müstəqillik tarixinin şanlı səhifələrindən, ölkəmizin regionda və beynəlxalq arenada artan nüfuzundan, eləcə də Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərindən danışıb.
Ş.Mustafayev çıxışında Azərbaycanın bu il uğurla ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) da xüsusi yer ayırıb. O, Azərbaycanda 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, ölkədə müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenidən qurulması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib.
Daha sonra Sverdlovsk vilayəti hökuməti adından vilayətin xarici iqtisadi əlaqələr nazirinin müavini Oleq Aleksandrin, Sverdlovsk vilayəti Qanunvericilik Məclisi adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Veqner və Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Natiqlər Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, ticari və mədəni əlaqələrin daha da genişlənəcəyinə əminliklərini söyləyiblər.
Tədbirdə mədəni proqram təqdim olunub. Skripka üzrə Rusiya müsabiqələrinin laureatı Saday Ağababayev və Rusiyada keçirilən “Uşaq Yeni Dalğa” televiziya və vokal müsabiqələrinin yarımfinalçısı Ələddin Əliyev canlı musiqi nömrələri təqdim ediblər.
Rəsmi qəbul zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Azərbaycanın zəngin mədəniyyətini əks etdirən milli musiqi sədaları altında qonaqlara milli mətbəxin müxtəlif təamları və şirniyyatları təqdim olunub.