Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan zəngin mədəniyyətə və çox qədim musiqi köklərinə sahibdir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsert bu zənginliyi bir daha nümayiş etdirərək milli musiqimizin qonaqlara təqdim olunmasında mühüm rol oynadı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarzən, respublika üzrə müsabiqələr laureatı Fərid Quliyev deyib.
O bildirib ki, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin ifasında səslənən milli musiqi inciləri xarici qonaqlar üçün Azərbaycanın ruhunu və tarixi mənəviyyatını kəşf etmək baxımından əvəzsiz bir fürsətə çevrilib: "Bu cür mötəbər qlobal platformalarda musiqimizin gücü və milli alətlərimizin sədası ölkəmizin mədəni diplomatiyasının nə qədər uğurlu olduğunu bir daha sübut edir".