MƏDƏNİYYƏT
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin elan etdiyi müsabiqənin qalibləri müküfatlandırılıb
Bakı, 12 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Yanvarın 12-də “Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssüratlarımı necə dəyişdi” mövzusunda elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Marionet Teatrında reallaşan mükafatlandırma mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək festivalın əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, jurnalistlər və festival tamaşaçıları üçün nəzərdə tutulan müsabiqəyə 15 festival izləyicisinin və 7 jurnalistin yazısı təqdim edilib. Hər iki istiqamətdə bir nəfər müsabiqənin qalibi olub.
Bildirilib ki, müsabiqənin qalibləri fevralda Alaniyanın paytaxtı Berlində təşkil olunacaq film festivalında iştirak etmək hüququ əldə ediblər. Qaliblər dörd gün film festivalında iştirak edə biləcəklər. Bütün xərclər Aİ-nin Bakı nümayəndəliyi tərəfindən qarşılanacaq.
Səfir 2018-ci ilin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında daha dinamik, məhsuldar il olacağını düşündüyünü bildirib. Bu il Azərbaycanda “Xalq Cümhuriyyət İli” elan olunduğunu yüksək qiymətləndirən diplomat söyləyib ki, il çərçivəsində keçiriləcək tədbirlərə qatılmaqla yanaşı, ölkəmizin dəyərlərini təşviq edəcəklər.
Nümayəndəliyin birinci müşaviri Denis Daniilidis “ASAN Radio”da yayımlanan məlumatlandırıcı, maarifləndirici və əyləncəli “AvropadASAN” verilişindən danışaraq bildirib ki, bu, Avropa İttifaqı ilə bağlı Azərbaycanın radio məkanında ilk verilişdir.
“ADA” Universitetinin bələdçiliyi və Avropa İttifaqının dəstəyi ilə “ASAN Radio”da yayımlanan "AvropadASAN" proqramının redaktoru və aparıcısı Şəfəq Mehralıyeva veriliş haqda qonaqlara geniş məlumat verib.
Tədbir çərçivəsində sizinavropa.az saytının təqdimatı da olub. Saytın redaktoru Orxan Nəbiyev sayt haqqında qonaqlara məlumat verərək deyib ki, saytı yaratmaqda məqsəd Azərbaycan gəncliyini Avropa haqqında məlumatlandırmaq, o cümlədən Avropa İttifaqı ilə ölkəmiz arasında elm, təhsil, mədəniyyət və turizm sahəsində əlaqə yaratmaqdan ibarətdir.