SİYASƏT
Azərbaycan səfiri Misirin nüfuzlu qəzetinə müsahibəsində Ermənistanın işğalçı siyasətini ifşa edib
Qahirə, 31 avqust, AZƏRTAC
Misirin nüfuzlu “Akhbarelyom” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevlə Ermənistanın işğalçı siyasətindən bəhs edən geniş müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Ermənistan əvvəlki kimi Dağlıq Qarabağa dair beynəlxalq qərarları yerinə yetirməməkdə israr edir” sərlövhəli müsahibədə diplomat Misirdə bəzi turizm şirkətlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə turist cəlb etməsi barədə reklamlarını qətiyyətlə pisləyib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi bu ərazilər Azərbaycanın beynəlxalq normalarla təsbit edilmiş suveren hüququna əsasən ona məxsusdur. Həmçinin Ermənistan BMT Təhlükəsizlik Şurasının, qurumun Baş Assambleyasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının onun silahlı qüvvələrinin işğal altındakı Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edən qərar və qətnamələrini yerinə yetirməyə borcludur.
T.Rzayev bildirib ki, işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edən hər bir şəxs “arzuolunmaz şəxslər siyahısı”na daxil ediləcək və onun Azərbaycana girişi qadağan olunacaq. Vurğulanıb ki, BMT-nin Ümumdünya Turizm Təşkilatın (ÜTT) İcraiyyə Komitəsinin 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında münaqişə zonalarının turizm istiqamətləri və qanunsuz turizm məqsədləri üçün istifadəsini qadağan edən qərar qəbul olunub. “Məhz bu ədalətli qərar Ermənistana işğal etdiyi Dağlıq Qarabağ ərazisini beynəlxalq turizm yarmarkaları və digər müvafiq tədbirlərdə turizm məqsədilə reklam etməyə imkan verməyib. ÜTT-nin turizmə dair Qlobal Etika Məcəlləsinin müvafiq müddəalarında, habelə Turizm etikası üzrə Sazişində turistlərin təhlükəsizliyi məsələləri vurğulanıb və biz Misirin turizm şirkətlərinə həmin reklamların yerləşdirilməsinin qanunsuz olduğu barədə xəbərdarlıq etmişik”, - deyə səfir diqqətə çatdırıb.
Qəzetin müxbirinin Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı sualını cavablandıran T.Rzayev qeyd edib ki, son günlər Ermənistan tərəfi işğal etdiyi ərazilərdə qurduğu qondarma rejim vasitəsilə Azərbaycanın qədim Gəncə şəhərinə hücum etməklə hədələyib. Bu, bir daha göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və ölkəmizə yeni hücumlar üçün bəhanə axtarır. Halbuki, Azərbaycan problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və Dağlıq Qarabağdakı erməni icmasını ölkəmizin ərazi bütövlüyü çərçivəsində bölgənin azərbaycanlı icması ilə çiyin-çiyinə, dinc yanaşı yaşamağa çağırır.
Səfir diqqətə çatdırıb ki, Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son hərbi təxribat regionda sülhə və sabitliyə təhdid olmaqla yanaşı, Azərbaycanı Avropa ilə birləşdirən strateji neft və qaz infrastrukturunu hədəf alıb.
T.Rzayev bildirib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü əsasında mayın 4-də quruma üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında keçirilən Sammitdə qlobal miqyasda həmrəylik nümayiş etdirilib. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının bu məsələyə dair Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü 130 ölkə dəstəklədiyi halda, işğalçı Ermənistan buna etiraz edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə