Beynəlxalq Qadınlar Günü münasibətilə polis veteranı Almaz Səttarova ilə görüş olub
Bakı, 7 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində polis veteranı Almaz Səttarova ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in mətbuat xidmətinin Beynəlxalq Qadınlar Günü ərəfəsində polis veteranı Almaz Səttarova ilə görüşmək təşəbbüsünə Xətai Rayon Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti də qoşulub. Görüş mətbuat xidmətinin rəis müavini Hafiz Təmirov və sahə inspektoru Nuri Rəşadın iştirakı ilə gerçəkləşib.
Qeyd edək ki, Şəki şəhərində doğulmuş Almaz Səttarova 1959-cu ildə Daxili İşlər Nazirliyində xidmətə qəbul olunub. Sonra Xətai rayonunda Daxili İşlər Şöbəsində azyaşlılar üzrə müvəkkil vəzifəsinə təyin olunub, 55 yaşında mayor rütbəsində təqaüdə çıxıb. 25 illik xidməti dövründə bir çox cinayətin açılmasında fərqləndiyinə görə medallara layiq görülüb, qüsursuz xidməti ilə rəhbərliyin etimadını doğruldub.
Rəis müavini Hafiz Təmirov daxili işlər orqanlarında qüsursuz xidmət ilə seçilən polis veteranını yad etməyin sevincini və qürurunu yaşamağın gözəl bir hiss olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dövlətin diqqət və qayğısı ilə əhatə olunan veteranlarımız heç vaxt unudulmurlar. Bu görüş də bunun bariz nümunəsidir.
Sevincini sözlə ifadə etməkdə çətinlik çəkən 85 yaşlı Almaz Səttarova onu yada saldıqlarına görə minnətdarlığını bildirib.