Bakı Musiqi Akademiyasında “Təşəkkül və novatorluq” kitabının təqdimatı keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyasının 40 illik yubileyinə həsr olunan “Təşəkkül və novatorluq” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın redaktorları Xalq artisti, dünyaşöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Məktəb-studiyanın yaradıcısı və direktoru, professor Tərlan Seyidov, tərtibçi-redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Aytən İbrahimovadır.
Kitabda məktəb-studiyanın əsasən son 10 il ərzində həyata keçirdiyi tədbirlər haqqında məlumat, həmçinin bu mövzu ətrafında yazılan resenziya və dövrü mətbuatda dərc olunan məqalələr yer alıb.
Kitabda BMA-nın rektoru Fərhad Bədəlbəylinin həm Azərbaycan, həm də rus dillərində iki geniş məqaləsi ilə başlayır. Rektor bu məqaləsində məktəb-studiyanın ölkənin musiqi təhsilinin inkişafında mühüm rolunu və burada istənilmiş innovasiyalı metodların beynəlxalq səviyyədə qəbul olunmasını vurğulayıb.
Təqdimatın əvvəlində məktəb-studiyanın xoru Tofiq Quliyevin “Alqış ana yurdumuza” və Musa Mirzəyevin “Təbiət nəğməsi”ni ifa edib. Xorun rəhbəri - Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Aqil Qafulov, dirijorlar - təcrübəçi tələbələr - Fatimə Rafali və Aytən Əlirzayeva, konsertmeyster - məktəb-studiyanın məzunu, hazırda isə müəllim kimi fəaliyyət göstərən, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli olub.
Mərasimdə, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın professoru, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenləri sahibi, Prezident təqaüdçüsü Ramiz Quliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış ediblər.
Təqdimat mərasimi Aytən İbrahimovanın Məktəb-studiyanın 40 illik yubileyinə həsr etdiyi, Teymur Kazımovun ifasında səslənən himinlə sona çatıb.