CÜMHURİYYƏT - 100


Budapeştdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Budapeşt, 1 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstandakı səfirliyimiz tərəfindən təşkil edilən tədbirlər çərçivəsində Budapeşt şəhərinin mərkəzi hissəsində yerləşən Yunus Emre İnstitutunda Türkiyədə yaşayan azərbaycanlı rəssam, Səlcuq Universitetinin incəsənət fakültəsinin professoru İlham Ənvəroğlunun “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisinin açılış mərasimi olub.

Səfirliyin təşəbbüsü və təşkilatı dəstəyi ilə keçirilən və 150 nəfərədək qonağın qatıldığı açılış mərasimində Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və KİV-in nümayəndələri, Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini və bununla əlaqədar səfirlik tərəfindən silsilə tədbirlər təşkil olunduğunu qeyd edib. Bu sərginin də məhz həmin tədbirlər planı çərçivəsində baş tutduğunu bildirib. 1995-ci ildən qardaş Türkiyədə yaşayıb-yaradan rəssam İlham Ənvəroğlu haqqında məlumat verən səfir Vilayət Quliyev onun bu müddət ərzində bir sıra uğurlara imza atdığını və 2011-ci ildə Macarıstanda keçirilən rəsm sərgilərinin qalibi olduğunu deyib. Səfir İ.Ənvəroğlunun türk tarixinin, mədəniyyətinin, incəsənətinin qədimliyini, zənginliyini rənglərin dili ilə çatdırdığını və bu missiyanın öhdəsindən uğurla gəldiyini söyləyib.

Tədbirdə, həmçinin Türkiyənin Macarıstandakı səfiri Akif Oktay və Yunus Emre İnstitunun direktoru Yakub Gül çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıblar, ümumi tariximiz və mədəniyyətimiz barədə məlumatların bu kimi mədəni tədbirlər vasitəsi ilə yayılmasının əhəmiyyətini qeyd ediblər. Natiqlər rəssam İlham Ənvəroğlunun da öz rəsm əsərləri vasitəsi ilə bu məsul vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə və sərginin uğur qazanacağına inandıqlarını söyləyiblər.

Sonda rəssam İlham Ənvəroğlu çıxış edərək, bu sərginin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində baş tutmasından sonsuz qürur duyduğunu diqqətə çatdırıb. Öz yaradıcılığı barədə danışan rəssam Asiyadan Anadoluyadək türk tarixini, mədəniyyətini, adət-ənənələrini, bu geniş bölgənin sirli dünyasını rəsmlərinin və istifadə etdiyi rənglərin dili ilə çatdırmağa çalışdığını və bu işi necə bacardığını seyrçilərinin öhdəsinə buraxdığını bildirib.

Qonaqlar tərəfindən son dərəcə maraqla qarşılanan sərgi yerli mətbuatda da işıqlandırılıb. 15 gün davam edəcək sərginin Macarıstanın digər iri şəhərlərində də nümayiş etdirilməsi planlaşdırılır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.