Ekspert: Azərbaycanın Vaşinqtonla da çox əhatəli və dolğun gündəliyi var
Bakı, 12 fevral, Günel Türksoy, AZƏRTAC
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyası ətrafında artıq 2025-ci ilin ortalarından aktiv şəkildə müzakirələr gedirdi. Əbu-Dabi və Vaşinqton görüşlərindən sonra bu müzakirələr müxtəlif istiqamətlər üzrə intensivləşdi. ABŞ bütün tərəflərlə əlaqələri genişləndirmək və regionda mövqelərini gücləndirmək istəyir. Azərbaycan da regionun əsas aktorlarından biri kimi bu prosesdə mühüm yer tutur.
Bunu AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov deyib.
O ABŞ-la Azərbaycanın çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb: “Bu əməkdaşlıqda söhbət təkcə iqtisadi maraqlardan getmir. Azərbaycan Vaşinqton üçün logistika baxımından əhəmiyyətlidir və regional münasibətlər kontekstində ABŞ üçün maraq doğurur. Görünən odur ki, yaxın dövrlərdə 907-ci düzəlişin tamamilə ləğv edilməsi istiqamətində səylər daha da intensivləşəcək. Eyni zamanda, bir sıra iqtisadi sahələrin inkişafı məsələsi də gündəmdə olacaq. Burada yüksək texnologiyalar (İT, big data, kosmik sahə), sənaye və müxtəlif biznes istiqamətləri üzrə həm dövlət, həm də özəl sektor səviyyəsində əməkdaşlığın inkişafı gündəmdədir”.
Ekspertin sözlərinə görə, proses potensial olaraq ölkəyə ABŞ investorlarının marağının artmasına gətirib çıxara bilər. Məsələn, ABŞ Vitse-prezidentinin səfərindən bir gün əvvəl Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının üzvlərini də qəbul edib. Hazırda qlobal iqtisadi artım geriləyib, bu məsələdə geosiyasi risklər var. İmzalanan Xartiyanın ruhuna uyğun olaraq yaxın zamanlarda onun nəticələrini görəcəyik. Belə bir Xartiyanın imzalanması həm də müəyyən öhdəliklər yaradır.
“Bununla yanaşı, belə münasibət formatı ABŞ-ın xarici siyasətində volatilliyi qoruyub saxlamağa xidmət edə bilər. Cey. Di. Vensin səfərinin ümumilikdə müsbət formatda keçdiyini qeyd etmək olar. Liderlər arasında səmimi münasibətin formalaşdığı hiss olunur. Eyni zamanda vurğulanır ki, səsləndirilən bəyanatlar sırf ikitərəfli dinamikaya əsaslanır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın Vaşinqtonla da çox əhatəli və dolğun bir gündəliyi var. Nəticə etibarilə, əməkdaşlıq daha sistemli, çoxşaxəli və məzmunlu xarakter alacaq”, - deyə M.Muradov vurğulayıb.