Leyla Həsənova: Prezident mükafatı gördüyüm işləri davam etdirmək üçün güclü motivasiyadır - MÜSAHİBƏ
Bakı, 11 fevral, Pərvanə Qafarova, foto Səfiyar Məcnun, AZƏRTAC
Prezident İlham Əliyevin gənclər siyasəti məsələlərinə diqqət və qayğısı yeni nəslin potensialının üzə çıxarılması üçün möhkəm zəmin yaradır. Dövlətimizin başçısının təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılıb, 2022-ci ilin iyulunda isə Hərəkatın Gənclər Sammitinin yekunlarına əsasən onun təşkilata çevrilməsini nəzərdə tutan “Şuşa akkordu” sənədi qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının 48 milli bölməsinin yüzlərlə fəal nümayəndəsi beynəlxalq dialoqun və Hərəkatın üzv ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Prezident mükafatı laureatı, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un gənclər üzrə iqlim çempionu Leyla Həsənova AZƏRTAC-a müsahibəsində yüksək dövlət mükafatının əhəmiyyəti, həyata keçirilən beynəlxalq təşəbbüslər və gələcək fəaliyyət istiqamətləri barədə danışıb. O, həmçinin peşəkar və ictimai fəaliyyət yolunu formalaşdıran gənclərə tövsiyələrini bölüşüb.
– Prezident mükafatı ilə təltif olunmağınızı necə qiymətləndirirsiniz və bu yüksək dəyər fəaliyyətinizin hansı istiqamətlərinə verilib?
– Gənclər sahəsində fəaliyyətimə görə dövlətimizin başçısı tərəfindən belə yüksək dəyər verilməsi mənim üçün böyük şərəfdir. Bu mükafatı yalnız şəxsi səylərimin deyil, bütövlükdə sistemli fəaliyyətin qiymətləndirilməsi kimi qəbul edirəm.
Hesab edirəm ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri kimi fəaliyyətim, COP29-un gənclər üzrə iqlim çempionu kimi gördüyüm işlər bu qiymətləndirmədə mühüm rol oynayıb. Bu fəaliyyətim çərçivəsində beynəlxalq, regional və yerli səviyyələrdə böyük işlər görülüb, layihələr icra olunub, təşəbbüslər irəli sürülüb, tədbirlər təşkil edilib və gənclərin iqlim dəyişikliyi ilə bağlı qərarların qəbulunda iştirakını təmin edən davamlı mexanizmlər formalaşdırılıb. Əminəm ki, kompleks yanaşma, gənclərlə fəal iş, həmçinin gənclər siyasətinin və iqlim gündəliyinin inkişafına verilən töhfə fəaliyyətimin yüksək qiymətləndirilməsinə əsas verən amillərdir.
– Hazırda həyata keçirdiyiniz layihələrdən hansını cəmiyyət üçün praktik və strateji baxımdan daha əhəmiyyətli hesab edirsiniz?
— Fikrimcə, bu, gənclərin fəal cəlb edilməsinə və onların tətbiqi, uzunmüddətli tələbat olan bacarıqlarının inkişafına yönələn təşəbbüslərdir.
“NAM Youth Week”, “Climate Change Summer Camp”, “Baku Climate Action Week”, “Youth-Led Climate Forum” kimi tədbirlər xüsusi əhəmiyyət daşıyır. Çünki bu platformalar gənclərin beynəlxalq və regional proseslərdə real iştirakını təmin edir. Bu formatlar nəzəriyyə ilə məhdudlaşmır, gənclərə gələcək peşəkar və ictimai fəaliyyətlərində tətbiq edə biləcəkləri praktik bilik və bacarıqlar qazandırır.
Bu təşəbbüslər çərçivəsində gənclər iqlim diplomatiyası, iqlim elmləri, dayanıqlı inkişaf, beynəlxalq münasibətlər və diplomatiya sahələrində təcrübə və ekspert bilikləri əldə edirlər. Bununla yanaşı, analitik və yazılı düşüncə, kommunikasiya və liderlik kimi “yumşaq bacarıqlar”ın inkişafına xüsusi diqqət yetirilir. Hesab edirəm ki, praktik biliklərlə strateji düşüncənin vəhdəti bu layihələri əhəmiyyətli edir, fəal, səriştəli və məsuliyyətli nəslin formalaşmasına töhfə verir.
— Prezident mükafatı gələcək fəaliyyətiniz kontekstində sizin üçün hansı yeni öhdəlik və prioritetləri müəyyənləşdirir?
— İlk növbədə, bu, seçilmiş fəaliyyət istiqamətinin düzgün olduğunu və ölkədə gənclər sektorunun inkişafı üzrə strateji prioritetlərə uyğun gəldiyini göstərir. Eyni zamanda, bu mükafat həmin sahədə işi davam etdirmək üçün güclü motivasiyadır. Qarşıya daha iddialı məqsədlər qoymağa, təşəbbüslərin miqyasını genişləndirməyə və onların praktik təsirini artırmağa ilhamlandırır. Prezident mükafatı tanınma ilə yanaşı, xüsusi məsuliyyət yaradır. Bu mükafatı gələcək inkişaf, davamlı yüksəliş və cəmiyyətin, eləcə də gənclərimizin inkişafına daha şüurlu töhfə vermək üçün stimul kimi qəbul edirəm.
— Gənclər hərəkatına cəlb olunan, peşəkar və ictimai fəaliyyət yolunu müəyyənləşdirmə mərhələsində olan gənclərə hansı tövsiyələri verərdiniz?
— Gənclər hərəkatında iştirak edən və peşəkar yolunu axtaran gənclərə ilk növbədə daim öz üzərlərində işləməyi və üzərinə məsuliyyət götürməkdən çəkinməməyi tövsiyə edərdim. İnkişaf zaman, səy və intizam tələb edən fasiləsiz prosesdir.
Anlamaq lazımdır ki, uğur, tanınma və sürətli nəticələr dərhal əldə olunmur. Ardıcıllıq və məqsədyönlülük əsas şərtdir. Qarşıya konkret məqsədlər qoyaraq və müəyyən edilmiş vəzifələri yerinə yetirərək çalışmaq lazımdır. Diqqət nəticəyə və işin keyfiyyətinə yönəldikdə digər məqamlar zamanla öz həllini tapır.
Gənclərə yeni imkanlara açıq olmağı, səhvlərdən nəticə çıxarmağı və müxtəlif istiqamətlərdə özlərini sınamaqdan çəkinməməyi də tövsiyə edərdim. Təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı, öyrənməyə meyillilik və peşəkar bacarıqların inkişafı gələcək üçün möhkəm zəmin yaradır. Ən başlıcası isə özünə inanmaq, qətiyyətli olmaq lazımdır. Kiçik, lakin sistemli addımlar zamanla böyük uğur və nailiyyətlərə aparır.