WUF13: Dayanıqlı şəhər inkişafı GDU-da diqqət mərkəzində
Gəncə, 11 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF 13) Sessiyasına həsr olunan növbəti tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının əhəmiyyətindən danışıb. Bildirib ki, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən WUF13-ün Bakıda keçirilməsinin qərara alınması Azərbaycana beynəlxalq etimadın göstəricisidir. Belə miqyaslı BMT tədbirinə Azərbaycanın ev sahibliyi etməsi ölkənin qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsini göstərir. Prorektor onu da bildirib ki, WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır.
Tədbirdə Fizika kafedrasının müdiri Yəhya Namazov “WUF13 – təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri qururuq”, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev “İşğaldan azad olunmuş torpaqlarda şəhərsalma”, kafedranın baş müəllimi Əsmər Şərifova “İşğaldan azad olunmuş Qarabağda kənd, qəsəbə və şəhərlərin yenidən qurulması prosesi”, Təsviri incəsənət kafedrasının baş müəllimi Ruqiyyə Tağıyeva “İşğaldan azad olunmuş ərazilərdə memarlığın bərpası və son illər Gəncədə memarlıq mühiti” adlı məruzələrlə çıxış ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.