Halit Hamzaoğlu: Nəqliyyat dəhlizləri Cənubi Qafqazda sülhün və sabitliyin əsas mexanizmidir
Bakı, 11 fevral, Səbinə Əlizadə, AZƏRTAC
Hazırda beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliklərin və bunun fonunda geosiyasi təlatümlərin artdığı bir dövr yaşanır. Bu şəraitdə dövlətləri və xalqları bir-birinə bağlayan nəqliyyat dəhlizləri xarici siyasət strategiyalarının həyata keçirilməsində əsas alətlərdən birinə çevrilib. Nəqliyyat dəhlizləri geosiyasi qeyri-müəyyənlik mühitində sabitləşdirici amil kimi çıxış edir və strateji xətlərin davamlılığının təmin olunmasında mühüm rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu bildirib.
Onun sözlərinə görə, qeyri-müəyyənlik şəraitində proqnozlaşdırılan regional inkişaf üçün əlaqələndirmə mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycanın ABŞ ilə münasibətlərində əldə etdiyi strateji dinamika həm regional, həm də qlobal səviyyədə yeni əməkdaşlıq mexanizmlərini formalaşdırır və ABŞ Vitse-prezidenti Vensin Bakıya tarixi səfəri Azərbaycan–ABŞ münasibətlərinin strateji məzmununu açıq şəkildə ortaya qoyur.
O bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat xəttinin qovuşuğunda yerləşən Azərbaycanın ABŞ ilə qarşılıqlı maraqlara əsaslanan münasibət modelini inkişaf etdirməsi regional əməkdaşlığa xüsusi töhfə verir.
“Bu kontekstdə Azərbaycan Türkiyənin prioritet hesab etdiyi Orta Dəhliz layihəsində açar rol oynayır. Orta Dəhliz Türkiyənin kommunikasiya sahəsində strateji baxışını tam şəkildə əks etdirir və Türk dünyasının coğrafiyasını bir-birinə bağlayan mühüm xətt kimi çıxış edir. Orta Dəhliz yalnız iqtisadi, ticarət və nəqliyyat baxımından deyil, eyni zamanda, humanitar və mədəni əlaqələrin dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra bu dəhlizin qlobal əhəmiyyəti daha da artıb. 2022-ci ildən sonrakı geosiyasi proseslər Orta Dəhlizin strateji çəkisini daha da gücləndirib”.
Ekspert qeyd edib ki, Şərq–Qərb kommunikasiyasında mühüm mövqeyə malik olan Azərbaycan Orta Dəhlizdə strateji rol oynayır, nəqliyyat infrastrukturuna investisiyalar yatırır və regional əməkdaşlığı təşviq edir. Avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma isə regional əməkdaşlıq üçün yeni zəmin formalaşdırır. Bu əməkdaşlıq mühiti Türkiyənin Cənubi Qafqazda sabitlik yaradılmasına yönəlmiş baxışı ilə üst-üstə düşür.
Dəhlizlər Türkiyə və Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir
Halit Hamzaoğlunun sözlərinə görə, TRIPP layihəsinin funksionallıq qazanması Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq mexanizmlərinin inkişafından asılıdır. Türkiyənin çoxşaxəli nəqliyyat siyasətinin mühüm elementi olan Orta Dəhliz ilə TRIPP layihəsi arasındakı qarşılıqlı əlaqə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ekspert vurğulayıb ki, bu iki layihə bir-birini tamamlayan xarakter daşımalıdır. Məhz bu tamamlayıcılıq Cənubi Qafqazda güclü sülh mühitinin formalaşmasına imkan verə bilər.
“Orta Dəhliz sabit və proqnozlaşdırılan geoiqtisadi şəbəkənin formalaşmasını təşviq edir və fasiləsiz əlaqə baxımından olduqca vacib rol oynayır. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinə də eyni prioritetlər çərçivəsində yanaşır. Bu yanaşma Türk dünyasının qlobal kommunikasiyasında müəyyənedici oxlardan birinə çevrilməsini mümkün edə bilər.
Ekspert əlavə edib ki, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat marşrutlarının bir-birini tamamlaması Türkiyə və Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
“Marşrutlararası tamamlayıcılıq regional sülh mexanizmlərinin funksionallıq qazanmasına, əməkdaşlığın isə davamlı sülhün təmininə yönəlməsinə şərait yaradır. Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması baxımından iqtisadi inteqrasiya həyati əhəmiyyət daşıyır. Bu sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə, eyni zamanda, strateji baxışların formalaşmasına imkan yaradır. İnteqrasiyanın əsas çərçivəsini isə nəqliyyat dəhlizləri təşkil edir. Müasir dövrdə nəqliyyata əsaslanan bağlantılar sülh quruculuğu funksiyası daşıyır. İqtisadi inteqrasiyanın katalizatoru olan nəqliyyat dəhlizləri Cənubi Qafqazda proqnozlaşdırılan siyasi mühitin formalaşmasını sürətləndirir və sülhün dayanıqlı xarakter almasına, yeni əməkdaşlıq modellərinin yaranmasına töhfə verir”, - deyə türk ekspert əlavə edib.