Tokayev Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı referendum keçirilməsi haqqında Fərman imzalayacaq
Astana, 11 fevral, AZƏRTAC
Konstitusiya Komissiyası Qazaxıstanın yeni Əsas Qanunun yekun layihəsini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Konstitusiya Komissiyasının rəhbəri və Konstitusiya Məhkəməsinin sədri Elvira Azimovanı, Konstitusiya Komissiyasının sədr müavini və dövlət müşaviri Yerlan Karini və Konstitusiya Komissiyasının üzvü, Prezidentin hüquq məsələləri üzrə köməkçisi Yerjan Jienbayevi qəbul edib.
Elvira Azimova bildirib ki, on iki iclasdan sonra Komissiya yeni Əsas Qanunun yekun layihəsini hazırlayıb. Yeni Konstitusiyanın mətni ötən ilin oktyabr ayından bəri “eGov” və “e-Otinish” portalları vasitəsilə təqdim edilən vətəndaş və ekspert icması təşəbbüsləri əsasında hazırlanıb. Layihədə, həmçinin parlament islahatı üzrə işçi qrupu tərəfindən oktyabr-yanvar aylarında hazırlanmış yanaşmalar da nəzərə alınıb.
Azimova qeyd edib ki, müzakirədən sonra Konstitusiya Komissiyası yeni Konstitusiya layihəsini ümumxalq referendumuna çıxarmağı təklif edib.
Prezident Tokayev qeyd edib ki, Konstitusiya Komissiyası genişmiqyaslı və mühüm işlər görüb. Dövlət başçısının sözlərinə görə, yeni Konstitusiyanın müddəaları dövlətin institusional təməlinin transformasiyası prosesinin başa çatmasını və tamamilə yeni konstitusion modelə keçidi göstərir.
Prezident vurğulayıb ki, yeni Əsas Qanun layihəsi təkcə mövcud sosial dəyərləri və dövlət siyasətinin prinsiplərini əks etdirmir, həm də Qazaxıstanın gələcək mütərəqqi inkişafı üçün uzunmüddətli təməl yaradır.
Kasım-Jomart Tokayev tezliklə yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumunun keçirilməsi barədə Fərman imzalayacağını açıqlayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana