Müfəttişlik rəisi: Sahibkarlar monitorinq və yoxlamalar barədə əvvəlcədən məlumatlandırılırlar
Bakı, 11 fevral, Nailə Həsənova, foto – İlkin Cavanşirov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi 2025-ci ildə 1016 yanacaqdoldurma məntəqəsində monitorinqlər aparıb və 35 ciddi qayda pozuntusu aşkar edib.
Bu barədə AZƏRTAC-a agentliyin müfəttişlik rəisi Eltun Həsənov məlumat verib.
O bildirib ki, həmin pozuntular insan həyatı və sağlamlığı üçün real təhlükə yaratdığı üçün müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, Eltun Həsənovun sözlərinə görə, sahibkarlar monitorinq və yoxlamalar barədə əvvəlcədən məlumatlandırılırlar. Müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı verilən qərarların müddəti isə sahibkarlardan asılıdır: “Nöqsan tam aradan qaldırıldıqda, məntəqə fəaliyyətini bərpa edə bilir”.
Müfəttişlik rəisi vurğulayıb ki, ümumilikdə agentlik qanunvericiliyə uyğun formada monitorinq və yoxlamalar həyata keçirilir. Bu zaman aşkarlanan nöqsanlarla bağlı cərimələr tətbiq olunur, tövsiyələr verilir. “Bundan əlavə, Nazirlər Kabinetinin Koordinasiya Komissiyası ilə bağlı olaraq monitorinqlər aparırıq. Bu zaman nöqsanlar, pozuntular aşkarlanarsa, səlahiyyətlərimiz daxilində tədbirlər görürük”, - deyə o diqqətə çatdırıb.
Eltun Həsənov xatırladıb ki, ötən il “Lisenziyalar və icazələr haqqında” Qanunda olunan dəyişikliklərə əsasən, yanacaqdoldurma məntəqələri lisenziyalı fəaliyyət növünə aid edilib. Bu da sahibkarların yanacaqdoldurma məntəqələrində avadanlıqların yoxlanılmasına, sınağına və təhlükəsizliyinə həssas yanaşmasını təmin edir. Bundan başqa, keçən il şəhərsalma tikinti normalarına dair də yeni normativ aktlar qəbul olunub ki, bunlar yanacaqdoldurma və elektrikdoldurma məntəqələrinin layihələndirmə normalarıdır. Sahibkarlar bu normalarla tanış olub, onlardan istifadə edə bilərlər: “Bunlar texniki normalardır. Yanacaqdoldurma və elektrikdoldurma məntəqələrinin layihələndirilməsi zamanı bu normaların gözlənilməsi ekoloji və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək üçün məcburidir”.