“Regional İnkişaf” İctimai Birliyinin layihələri müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarını artırıb
Bakı, 11 fevral, AZƏRTAC
“Regional İnkişaf” İctimai Birliyində həyata keçirilən layihələr təhsil, səhiyyə və sosial rifah sahələrində sistemli və davamlı dəyişikliklərin formalaşmasına yönəlib. Sosial rifah istiqamətində risk qrupuna aid uşaqlar və həssas ailələrlə bağlı görülən işlər nəticəsində erkən müdaxilə mexanizmləri təkmilləşdirilib, sosial xidmətlərin əlçatanlığı artırılıb və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət daha məqsədyönlü şəkildə qurulub.
Bu barədə AZƏRTAC-a açıqlamasında İctimai Birliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva söyləyib. O qeyd edib ki, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında 6 İnklüziv Təhsil Mərkəzi yaradılıb və tam təchiz olunub. Beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı proqramları hazırlanıb və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 nəfərlik müəllim-professor heyəti, 2000-dən çox tələbə və 600-dən çox valideyn inklüziv təhsil üzrə təlimlərdə iştirak edib.
Layihə çərçivəsində 2 beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilərək ali və orta məktəblərə paylanıb. İnklüziv təhsilə dair portal yaradılıb və ictimaiyyətin istifadəsinə verilib. ADPU-nun ibtidai təhsilin təşkili, məktəbəqədər təhsil, təhsildə sosial-psixoloji xidmət və korreksiyaedici təlim ixtisaslarının kurikulumuna inklüziv təhsil fənni daxil edilib. Eyni zamanda, inklüzivliyə dair videoçarxlar, animasiyalı posterlər və müxtəlif adda 50 mindən çox məlumatverici çap materialları hazırlanaraq paylanıb və yayımlanıb.
“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi çərçivəsində Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert sosial işçilər və könüllülər üçün təlimlər keçib. Sahə tədqiqatlarının aparılması üçün metodologiya və digər sənədlər hazırlanıb. Layihənin əsas mərhələlərindən biri kimi Bakı şəhərinin bütün inzibati rayonlarını əhatə edən mobil qruplar formalaşdırılıb. Hər bir mobil qrupa aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və təlim almış sosial işçilər daxil edilib. Qruplar arasında koordinasiya və effektiv kommunikasiya mexanizmi qurularaq məlumat paylaşımı, operativ müdaxilə və yönləndirmə prosesi mərkəzləşdirilmiş şəkildə idarə olunub.
“Təhsil sahəsində həyata keçirilən layihələr uşaqların və gənclərin hüquqi biliklərinin, rəqəmsal savadlılığının və təhlükəsiz davranış bacarıqlarının formalaşdırılmasına fokuslanıb. Valideyn və müəllimlər üçün təşkil olunan təlimlər vasitəsilə uşaqlarla bağlı risklərin vaxtında müəyyən edilməsi və düzgün yanaşmaların tətbiqi gücləndirilib. Nəticədə, 100 uşaq aşkarlanıb və onların məlumatları SPSS proqramı vasitəsilə təhlil olunub. Əldə olunan nəticələr əsasında sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquqi dəstək və digər ehtiyacların müəyyən edilməsi və həlli istiqamətində tədbirlər görülüb.
Səhiyyə sahəsində psixososial rifahın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və preventiv yanaşmalar ön plana çıxarılıb. Maarifləndirmə və icma əsaslı fəaliyyətlər nəticəsində hədəf kütlənin psixoloji sağlamlıq, emosional dayanıqlılıq və risk davranışlarının qarşısının alınması mövzularında məlumatlılıq səviyyəsi artırılıb. Ümumilikdə, bu layihələr sosial siyasətin icrasında daha davamlı və təsirli mexanizmlərin formalaşmasına zəmin yaradıb”, - deyə G. L. Hacıyeva bildirib.