ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir
Bakı, 12 fevral, AZƏRTAC
ABŞ Azərbaycanın regionda həyata keçirdiyi enerji layihələrini dəstəkləmək, təhlükəsizliyini təmin etmək, sərmayə yatırmaq və bu sahədə qarşılıqlı, faydalı əməkdaşlıq etmək niyyətində olduğunu bildirir. Bununla yanaşı rəsmi Vaşinqton regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı tərəfdaş kimi strateji rolunu qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu, xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının mətnində öz əksini tapıb.
Sənəddə deyilir ki, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycanın strateji əhəmiyyətini tanıyaraq, Azərbaycan və ABŞ neft, qaz və elektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir. Tərəflər interkonnektorlar üzrə birgə layihələr, tədarük marşrutlarının şaxələndirilməsi və mülki nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsini planlaşdırırlar.
Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” da deyilir: “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər”.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya respublikaları Trans-Xəzər Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) yalnız yük daşımaq üçün deyil, eyni zamanda, Avropaya enerji ixracı üçün də istifadə etmək istəyirlər. Bildiyimiz kimi Azərbaycan ilə Mərkəzi Asiya respublikaları “Yaşıl Enerji Dəhlizi” layihəsi üzərində iş aparırlar. Layihəyə əsasən, bu respublikalarda və Azərbaycanda istehsal olunan alternativ enerji Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xətti ilə Qara dənizə və oradan da Avropaya ixrac olunacaq. Bununla yanaşı, Trans-Xəzər Boru Kəməri layihəsi də var ki, Mərkəzi Asiyada hasil olunan neft və qaz da bu kəmər vasitəsilə enerji resurslarını Avropaya ixrac etmək istəyir. Lakin geosiyasi maraqlar ucbatından bu layihə hələlik icra olunmur. Xartiyada enerji sahəsində əməkdaşlıq niyyətinin vurğulanması bu layihələrin həyata keçməsini sürətləndirəcəyini deməyə əsas verir. ABŞ bu layihələrə sərmayə yatırmaqla yanaşı, onların təhlükəsizliyinin təmin olunmasında da qarant rolunda çıxış edəcək.