Heydər Əliyev Sarayında “Yeni ilin Arzu Medalyonu” anşlaqla keçib
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 2-3 və 4-də Heydər Əliyev Sarayında uşaqların sevimli qəhrəmanlarının iştirakı ilə ən maraqlı, interaktiv “Yeni ilin Arzu Medalyonu” musiqili-nağılın premyerası olub.
AZƏRTAC xəbər verir ki, musiqili-nağılın ssenari müəllifi Heydər Əliyev Sarayının direktoru, Respublikanın Əməkdar artisti Ramil Qasımovdur.
Əməkdar artistin sözlərinə görə, Azərbaycan nağılları mövzu baxımından hər zaman maraqla qarşılanıb, uşaqlıq xatirələrinə aparıb, insanların dünya görüşünün artmasına, gələcəkdə həyata münasibətinin formalaşmasına səbəb olub. Qeyd edib ki, bu musiqili-nağılın hazırlanmasında əsas məqsəd dostluğu, dürüstlüyü, həyatda ədalətli, xeyirxah olmağı və hər zaman xeyrin şər üzərində qələbə qazanacağını balaca uşaqlarımıza aşılamaqdır.
Uşaqlara nağıl qəhrəmanları Nadir, Baba, Jemi, Zülümxan, Kosmik it və digərlərinin iştirakı ilə böyük Şam ağacının ətrafında əyləncəli musiqili-nağıl təqdim olunub. Bundan əlavə, Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşüb və onları mahnı, rəqs, oyun və yeni il zarafatları ilə sevindirib. Şaxta babanın gəlişi, məzəli söhbətləri, interaktiv oyunları ilə başlayan şənliyin davamında uşaqlar musiqili-tamaşada qəhrəmanlarla birgə planetlər arası möcüzəli səyahətə çıxıblar.
Uşaqların Şaxta baba ilə dialoqları, maraqlı səhnəciklər, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlərlə dolu anlar musiqili-nağıla xüsusi rəng qatıb. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən, xüsusi işıq effektlərindən istifadə olunan tamaşa uşaqları sevindirib və onlara xoş əhval bəxş edib. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət ediblər. Balacalar və valideynlər anşlaqla keçən maraqlı şənlikdən böyük zövq alıblar.
Qeyd edək ki, Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırıb.