SİYASƏT


İraq ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib

Bağdad, 16 sentyabr, AZƏRTAC

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamentinin Beynəlxalq əlaqələr komitəsində görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Muzahim Mustafa əl-Tamimi də iştirak edib.

N.Məmmədov Azərbaycanın İraq ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. İki dost ölkə arasında münasibətlərin daha da yaxınlaşması istiqamətində qarşılıqlı səfərlərin təşkilinin, hökumətlərarası və parlamentlərarası işçi qruplarının səmərəli fəaliyyətinin vacibliyini qeyd edən N.Məmmədov dövlətlər arasında imzalanması nəzərdə tutulan bir necə saziş layihəsinin nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Diplomat beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinin, xüsusilə də BMT və İƏT çərçivəsində ənənəvi əməkdaşlığın, qarşılıqlı əsasda dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan N.Məmmədov problemin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli üçün ATƏT-in Minsk qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini qeyd edib. BMT-nin Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Avropa Parlamenti, habelə digər mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qətnamələrdə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu barədə ətraflı məlumat verib.

N.Məmmədov rəsmi Yerevanın təcavüzkar siyasətinin davamı olaraq iyulun 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan istifadə etməklə hücuma keçdiklərini, Ermənistanın növbəti dəfə təxribatçı fəaliyyətinin uğursuzluqla nəticələndiyini bildirib.

İraq parlamentinin komitə üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin ədalətli mövqeyini hər zaman dəstəklədiklərini bildiriblər.

İraq parlamentinin deputatı Muzahim Mustafa əl-Tamimi ikitərəfli əlaqələrin inkişaf etdirilməsi niyyətlərini ifadə edib və bu istiqamətdə lazımi işlər görməyə hazır olduqlarını bildirib. Qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, humanitar sahədə əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb. Deputat Azərbaycanın ali təhsil ocaqlarında iraqlı tələbələrin sayında ildən-ilə artımın müşahidə edildiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.