Nigar Məmmədova: Qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında və sülhün təşviqində mühüm rol oynayırlar
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan çoxsaylı beynəlxalq platformalarda müsəlman dövlətlərini birliyə çağırır. Bu gün burada toplaşmağımız da ortaq dəyərlərimizə, qarşılıqlı hörmətə və parlamentlərarası əməkdaşlığa sadiqliyimizin bariz ifadəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində keçirilən Müsəlman Qadın Parlamentarilərinin 13-cü Konfransında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Parlament İttifaqı üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və İslam dünyasını narahat edən məsələlər üzrə vahid yanaşmanın təşviqi baxımından mühüm platformadır.
“Müsəlman qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında, qanunvericilik təşəbbüslərinin formalaşdırılmasında, sosial rifahın gücləndirilməsində, sülhün təşviqində və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayırlar. Bugünkü müzakirələr qadınların münaqişələrin həllində iştirakının artırılması, münaqişələrdən zərər çəkmiş müsəlman qadın və uşaqların müdafiəsi, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə deputat qeyd edib.
Fotoqraf - İlqar Cəfərov