Bakıda müsəlman qadın parlamentarilərinin rolu müzakirə olunub
Bakı, 22 iyun, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin 13-cü Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Nigar Məmmədova konfransın Bakıda keçirilməsinin ortaq dəyərlərə, qarşılıqlı hörmətə və parlamentlərarası əməkdaşlığa sadiqliyin bariz nümunəsi olduğunu deyib.
O bildirib ki, Parlament İttifaqı üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və İslam dünyasını narahat edən məsələlər üzrə vahid yanaşmanın təşviqi baxımından mühüm platformadır.
“Müsəlman qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında, qanunvericilik təşəbbüslərinin formalaşdırılmasında, sosial rifahın gücləndirilməsində, sülhün təşviqində və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayırlar. Bugünkü müzakirələr qadınların münaqişələrin həllində iştirakının artırılması, münaqişələrdən zərər çəkmiş müsəlman qadın və uşaqların müdafiəsi, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə deputat qeyd edib.
İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqının Baş katibinin müavini Əli Asghar Məhammadi Sijani vurğulayıb ki, qadınlar bütün siyasi və ictimai proseslərdə fəal iştirak edir, cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Onlar müxtəlif sahələrdə peşəkarlıqları və fədakar fəaliyyətləri ilə seçilərək üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirirlər. “Azərbaycanda qadına verilən yüksək dəyərin çoxsaylı nümunələri mövcuddur. Təəssüf ki, bir çox digər ölkələrdə bu cür nümunələrə eyni səviyyədə rast gəlinmir. Azərbaycanın qadın parlamentariləri hər zaman öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəliblər. İslam dinində də qadının ucalığına və cəmiyyətdəki mövqeyinə xüsusi önəm verilir”, - deyə Baş katibin müavini bildirib.
Onun sözlərinə görə, İƏT-in birgə fəaliyyəti və həmrəyliyi bir daha sübut edir ki, qadınların bütün sahələrdə fəaliyyətinə xüsusi diqqət yetirilməli və onların imkanları daha da genişləndirilməlidir. Bu baxımdan, Azərbaycanın təcrübəsi və qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər.
Tədbirdə qadınların parlament diplomatiyasındakı rolu, münaqişələrin həllində iştirakı, qadın və uşaqların hüquqlarının müdafiəsi, eləcə də işğal və silahlı münaqişələrdən zərər çəkən ərazilərdə humanitar məsələlər müzakirə olunub.