Fransada narkotik əməliyyatı zamanı Pikassoya aid olduğu bildirilən tablo aşkar edilib
Paris, 22 iyun, AZƏRTAC
Fransanın Val-de-Marn departamentində narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı Pablo Pikassoya aid olduğu müəyyən edilən rəsm əsərinin tapılmasından sonra oğurluq və oğurlanmış əmlakın gizlədilməsi faktları üzrə yeni istintaq açılıb.
AZƏRTAC xəbər verir ki, Kretey Prokurorluğunun məlumatına görə, sözügedən tapıntı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı araşdırma çərçivəsində Champigny-sur-Marne şəhərində yerləşən evdə aparılan axtarış zamanı aşkarlanıb.
“Le Parisien” qəzetinin yazdığına görə, əsər Pablo Pikassonun 1927–1935-ci illərdə həyat yoldaşı olmuş Mari-Terez Valterin portretidir. Təxminən 12-15 milyon avro dəyərində qiymətləndirilən tablo daha əvvəl Parisdə oğurlanmış kimi qeydiyyata alınıb. Prokurorluq əsərin, həqiqətən də ispan rəssamına məxsus olduğunu təsdiqləyib, lakin rəsmin dəqiq identifikasiyası barədə əlavə məlumat verməyib.
Əməliyyat zamanı kannabis qatranı, lüks geyimlər və minlərlə avro məbləğində nağd pul da müsadirə olunub.
Narkotik qaçaqmalçılığı işi üzrə 4 nəfər məhkəmə qarşısına çıxarılıb. Pikasso əsəri ilə bağlı oğurluq və qanunsuz saxlama faktları üzrə istintaq isə Val-de-Marn məhkəmə polisi tərəfindən davam etdirilir.
Hüquq-mühafizə orqanları hesab edir ki, bu gözlənilməz tapıntı narkotik ticarəti ilə yüksəkdəyərli sənət əsərlərinin qanunsuz dövriyyəsi arasında mümkün əlaqələri üzə çıxara bilər.