Yılmaz Vural: Türkiyə futbolda öz potensialından tam istifadə edə bilmir
Bakı, 22 iyun, AZƏRTAC
Uzunmüddətli strategiya qurularsa, həm Azərbaycan, həm də Türkiyə dünya futbolunda uğurlu ola bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli tanınmış mütəxəssis Yılmaz Vural ölkəsinin futbolunun mövcud vəziyyəti və dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis Türkiyənin futbolda öz potensialından tam istifadə edə bilmədiyini bildirib. Onun sözlərinə görə, ölkənin həm iqtisadi, həm də infrastruktur baxımından kifayət qədər imkanları olsa da, əsas problem yanaşma və idarəetmə sistemindədir: “Türkiyənin stadionları da var, iqtisadi gücü də var, futbola yatırım etmək imkanları da mövcuddur. Amma düşüncə tərzi dəyişməlidir. Futbola yalnız nəticə əldə etmək vasitəsi kimi baxmaq olmaz. O, böyük sosial hadisədir, cəmiyyətin psixologiyasına təsir göstərən mühüm amildir. İdmandakı uğurlar ölkəyə və insanlara əlavə motivasiya verir, gənclərin dünya ilə rəqabət aparmaq imkanlarını ortaya qoyur. Buna görə də futbola dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi yanaşılmalıdır. Eyni problemlər Azərbaycanda da müşahidə olunur. Futbolun ölkə üçün nə ifadə etdiyini düzgün müəyyənləşdirmək lazımdır. Əgər futbola uzunmüddətli strategiya əsasında yanaşılarsa, yerli gənclərə güvənilərsə və uyğun iqtisadi model qurularsa, həm Azərbaycan, həm də Türkiyə dünya futbolunda daha uğurlu ola bilər”.
Yılmaz Vural Türkiyə millisinin uğursuzluğunun səbəblərindən də danışıb. O bildirib ki, ölkənin dünya səviyyəli futbolçulara sahib olması komanda uğurunu avtomatik təmin etmir: “Kənan Yıldız, Arda Gülər, Fərdi Kadıoğlu, Hakan Çalhanoğlu kimi futbolçular Avropanın aparıcı klublarında çıxış edirlər. Hamımız onların fərdi keyfiyyətlərinin milli komandanı uğura aparacağına inanmışdıq. Amma futbol fərdi oyun deyil, komanda oyunudur. Bəzən ulduz futbolçuların çoxluğu uğur gətirmir, əsas məsələ kollektivin vahid mexanizm kimi işləməsidir. Komandadakı 26 futbolçu bir nəfər kimi hərəkət etməyi bacarmalıdır”.
Məşqçi futbolun elmi əsaslarla inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb. Onun fikrincə, Türkiyə və Azərbaycan kimi ölkələr futbol sahəsində xaricdən alınan biliklərlə kifayətlənməməli, öz elmi bazalarını formalaşdırmalıdırlar: “Bu gün Almaniya, İngiltərə və digər inkişaf etmiş futbol ölkələri öz araşdırmalarını aparır, futbol elminə investisiya qoyurlar. Biz isə onların əldə etdiyi məlumatlarla rəqabət aparmağa çalışırıq. Bu, mümkün deyil. Rəqibləriniz sizə uğur qazanmağın bütün sirlərini verməyəcəklər. Öz tədqiqatlarımızı aparmalı, öz sistemimizi qurmalıyıq. Türkiyə və Azərbaycan idman sahəsində daha uzunmüddətli planlar qurmalıdır. Əgər futbolun cəmiyyətə qazandırdığı dəyərləri görmək istəyiriksə, bu istiqamətdə ciddi addımlar atmalıyıq. Əks halda nəticələr təsadüflərdən asılı olacaq. Bu gün Türkiyədə insanlar milli komandanın nəticələrinə görə məyusdurlar. Ancaq bu vəziyyət görülən işlərin nəticəsi deyil, əksinə, görülməyən işlərin nəticəsidir”.
Y.Vural dünya çempionatına vəsiqə qazanmağın getdikcə çətinləşdiyini də xatırladıb: “Seçmə mərhələlərdə daim İspaniya, Almaniya, İngiltərə, Fransa və ya İtaliya kimi güclü rəqiblərlə qarşılaşırsınız. Hətta İtaliya kimi dördqat dünya çempionu olan komanda da bəzən mundialdan kənarda qalır. Bu isə futbolun nə qədər ciddi planlaşdırma tələb etdiyini göstərir”.
Mütəxəssis milli komandalarda xarici baş məşqçilərin çalışdırılmasına da tənqidi münasibət bildirib: “Mən hesab edirəm ki, milli komandada xarici məşqçinin işləməsi düzgün yanaşma deyil. Əgər bir ölkə öz milli komandalarını çalışdıracaq səviyyədə mütəxəssis yetişdirə bilmirlərsə, bu, artıq sistem problemidir. Futbol insan amili üzərində qurulub. Məşqçi çalışdığı ölkənin mentalitetini, sosial vəziyyətini, insanların psixologiyasını və həyat tərzini bilməlidir. Bunları bilmədən futbolçuları düzgün idarə etmək çətindir. Uğur yalnız sistemli və uzunmüddətli iş nəticəsində əldə oluna bilər. Bizim əsas problemimiz qısa müddətdə böyük uğurlar qazanmaq istəməyimizdir. Halbuki futbol uzunmüddətli planlaşdırma tələb edir. Əgər bu istiqamətdə ciddi iş aparılmasa, uğurlar yalnız təsadüflərin nəticəsi olacaq”.
Qeyd edək ki, Türkiyə millisi D qrupunda Avstraliyaya 0:2, Paraqvaya 0:1 hesabı ilə məğlub olub. Komanda növbəti görüşünü iyunun 26-da ABŞ-yə qarşı keçirəcək.