Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur
Astana, 22 iyun, AZƏRTAC
Brüsseldə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına və Qazaxıstan ilə Avropa İttifaqı arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinə həsr olunmuş beynəlxalq biznes konfransı keçirilir.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-yə istinadla xəbər verir ki, tədbir Qazaxıstanın milli dəmir yolu şirkəti tərəfindən Qazaxıstan Respublikası hökumətinin və Qazaxıstan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Konfransda Qazaxıstan və Avropa İttifaqından 100-dən çox nümayəndə, o cümlədən Avropa Parlamentinin üzvləri, Avropa Komissiyası, Qazaxıstan Prezident Administrasiyası və hökuməti, beynəlxalq maliyyə institutları, nəqliyyat və logistika şirkətləri, sənaye assosiasiyalarının nümayəndələri iştirak edirlər.
İştirakçıların diqqət mərkəzində Orta Dəhlizin inkişafı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tutumunun artırılması, dəmir yolu, liman və terminal infrastrukturunun modernləşdirilməsi və logistika proseslərinin rəqəmsallaşdırılmasıdır.
Orta Dəhlizin Avropa İttifaqının “Global Gateway” təşəbbüsü ilə inteqrasiyasına və Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat və rəqəmsal əlaqənin genişləndirilməsinə xüsusi diqqət yetirilir.