DÜNYA


Münxendə təhlükəsizlik məsələlərinə dair illik konfrans keçirilir

Berlin, 17 fevral, AZƏRTAC

Bavariyanın paytaxtında təhlükəsizlik məsələlərinə həsr edilmiş 54-cü illik beynəlxalq konfrans işə başlayıb. Konfransda dünyanın bütün guşələrindən 600-ə yaxın siyasətçi və ekspert iştirak edir. Bu konfrans digər analoji forumlardan nə ilə fərqlənir?

İllik Münxen konfransı bütün dünyada təhlükəsizlik məsələlərinin müzakirə edildiyi ən böyük qeyri-formal məkandır. Bu qəbildən olan digər forumların heç birində bu qədər çoxsaylı yüksəkvəzifəli şəxs iştirak etmir. Tədbirin rəsmi proqramı deyil, siyasətçi və ekspertlərin qeyri-formal şəraitdə ünsiyyətdə olması xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində təxminən 2000 səhnəarxası görüş keçiriləcək. Buna görə də tədbirin rəsmi hissəsini, yəni 30-a yaxın diskussiya panelini və 120-dən çox spikerin çıxışını aysberqin yalnız görünən hissəsi hesab etmək olar. Konfrans çox vaxt məhz özünün qeyri-rəsmi xarakterinə görə, sonradan böyük siyasətdə reallaşdırıla biləcək ideyalar generatoruna çevrilir.

Konfrans ərəfəsində “Uçurumun kənarına qədər və geriyə?” sərlövhəli illik məruzə dərc olunub. Sənəddə qeyd edildiyi kimi, keçən il dünya elə bir həddə yaxınlaşıb ki, ondan sonra ciddi silahlı münaqişələr başlanır. Konfransın sədri Volfqanq İşinger hesab edir ki, Suriyada və Yaxın Şərqdə son dərəcədə təşvişdoğurucu vəziyyət yaranması konfransın əsas mövzularından biri olacaq.

ABŞ və Koreya Xalq Demokratik Respublikasının bir-birinə qarşı silah tətbiq edəcəkləri barədə hədə-qorxuları, Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabətin güclənməsi, habelə NATO-Rusiya münasibətlərində gərginliyin davam etməsi də İşingeri narahat edən səbəblərdəndir.

Gözlənildiyinə görə, konfrans çərçivəsində Ukraynanın şərqində münaqişənin tənzimlənməsinə həsr edilmiş “Normandiya formatında” görüş də keçiriləcək.

Məruzədə daha sonra qeyd edilir ki, Prezident Donald Trampın dövründə ABŞ beynəlxalq təhlükəsizliyin qarantı rolundan imtina edir. Avropalılar üçün bu, o deməkdir ki, onlar özlərinin təhlükəsizliyinə daha fəal qayğı göstərməlidirlər. Bundan əlavə, konfransda kibertəhlükəsizlik, miqrasiya, habelə iqlim dəyişmələri ilə regional münaqişələr arasında əlaqə kimi məsələlər də müzakirə olunacaq.

Builki Münxen konfransında 20-dən çox dövlət və hökumət başçısı, 40-a yaxın müdafiə naziri və eyni sayda XİN rəhbəri, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Ümumilikdə, bu forumda təxminən 600 nəfər, o cümlədən 50 iri şirkətin idarə heyətinin sədrləri iştirak edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.