REGİONLAR


Qarabağın və Naxçıvanın qədim abidələrinin işğaldan azad ediləcəyi gün də yaxındadır

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Azərbaycanın dilbər guşəsi olan Qarabağın və qədim mədəniyyətlərin beşiyi olan Naxçıvanın tarixi abidələrinin işğaldan azad ediləcəyi gün yaxındadır. Heç şübhə etmirik ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusunun qalibiyyətli yürüşləri Azərbaycanın itirilmiş tarixi torpaqlarının və qədim mədəniyyət abidələrimizin işğaldan azad olunması ilə nəticələnəcək.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

O qeyd edib ki, vaxtilə Sədərək rayonunun Kərki kəndi, Şərur rayonunun Günnüt kəndi və ona məxsus olan ərazilər, Şahbuz rayonunun Qaraboya kəndi işğal olunub. Ordubad rayonunun Kilit və Kotam kəndləri erməni qaniçənlərinin nişangahına çevrilməmək üçün yer dəyişməyə məcbur olub. Vətəndaşlarımız təhlükəsiz ərazilərə köçsə də, həmin kəndlərin ərazisində olan tarixi abidələrimiz düşmən gülləsinin nişangahına çevrilib, qəbiristanlıqlarımız dağıdılıb.

“Müzəffər Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı ilə 2018-ci ilin may ayında Şərur rayonunun 11 min hektarlıq ərazisi, o cümlədən Günnüt kəndi geri qaytarılsa da, hazırda Naxçıvanın bir çox abidələri, o cümlədən Kilit mağarası, Kərki yaşayış yeri, Kərki nekropolu düşmən işğalı altındadır. Sədərək rayonundakı Püstə dərəsi yаşаyış yеri, Şərur rayonundakı Dаnyеri yаşаyış yеri, Dаnyеri qаlаsı, Dаnyеri qəbiristаnlığı, Səlcuq sərkərdəsi Tananın adı ilə bağlı olan Tаnа qаlаsı, Şаhbulаq qаlаsı, Muncuqlutəpə, Şahbuz rayonundakı Çiçi yurdu, qoç daşlarımız və onlarla digər abidələrimiz düşmənlərin atəş hədəfində yerləşdiyi üçün həmin abidələri tədqiq etmək mümkün deyil”, – deyən Vəli Baxşəliyev vurğulayıb ki, bu abidələr arasında Naxçıvanın uzaq Daş dövrü mədəniyyətini öyrənmək üçün əhəmiyyətli olan Kilit mağarası xüsusilə diqqətəlayiqdir. Orta Tunc dövründə Azərbaycanda formalaşan Boyalı qablar mədəniyyətini öyrənmək üçün misilsiz əhəmiyyəti olan Kərki yaşayış yeri və nekropolu hələ də geniş tədqiqatlara cəlb edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.