ELM VƏ TƏHSİL


Rusiya Elmlər Akademiyasının prezidenti İnformasiya Texnologiyaları İnstitutunda olub

Bakı, 21 may, AZƏRTAC

Ölkəmizə səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institutun yaranma tarixi haqqında məlumat verib. O, qurumun 1971-ci ildə akademiyanın Kibernetika İnstitutunun nəzdində avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi kimi fəaliyyətə başladığını deyib. İnstitutun qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan quruma çevrildiyini vurğulayan akademik burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını söyləyib. Akademik Rasim Əliquliyev qurumun elmi tədqiqatlar, tədris-innovasiya, e-kitabxana, multimedia, eləcə də “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəz, internet xidmətləri mərkəzləri, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb. “AzScienceNet” şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. Data Mərkəzdə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemləri mövcuddur.

İnstitutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə müvafiq aparıldığını bildirən akademik fundamental tədqiqatlar sahəsində REA ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Akademikin sözlərinə görə, informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsasların dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, yüksək nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə tədqiqatların aparılması institutun fəaliyyətində başlıca hədəflərdəndir.

Rasim Əliquliyev REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu da nəzərə çatdırıb. O, rəhbərlik etdiyi qurumun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini qeyd edərək institutun elektron elmin formalaşdırılmasına mütəmadi dəstək göstərdiyini vurğulayıb.

İnstitut direktoru fundamental istiqamətlər üzrə problemlərin müzakirəsi üçün hər il müxtəlif səpkili konfrans və seminarların keçirildiyini deyib. Alim cari ildə fərdi məlumatların mühafizəsi, eləcə də “Data Science”in çoxaspektli problemlərinin müzakirəsi üçün konfranslar keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Rasim Əliquliyev, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib, burada respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu, AMEA-nın magistrlərinə ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstək göstərildiyini diqqətə çatdırıb.

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev institutda yaradılmış şəraiti yüksək qiymətləndirib, sual və təkliflərini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.