MƏDƏNİYYƏT


Sazın böyük bilicisi

Bakı, 1 dekabr, AZƏRTAC

Aşıq Kamandar Əfəndiyev sənətdə mogikan idi. O, bu sənətə sanki sirli bir aləmdən gəlmişdi, sənətdə öz sözünü dedi və sonda yenə də gəldiyi yerə döndü. Aşıq Kamandar sazın böyük bilicisi, böyük ifaçı idi. Nadir hallarda aşıqlar elə saz çala bilir. Yəni həm gözəl oxumaq və gözəl dastan danışmaqla yanaşı, həm də gözəl saz çalmaq hər aşığa qismət olan keyfiyyət deyil. O, çox gözəl saz çalmaqla yanaşı, həm də havalara özünəməxsus əlavələr edirdi. Məsələn, “Turacı” havası üzərində Aşıq Kamandar elə gözəl işlədi, elə əlavələr etdi ki, sonunda yeni hava yaratdı və adını da “Fəxri” qoydu. Mən hesab edirəm ki, Aşıq Kamandarın musiqi sahəsindəki fəaliyyəti ayrıca tədqiq olunmalıdır. Aşıq Kamandarın xidmətləri olduqca böyükdür, misilsizdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

Xəzər Universiteti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azad olunması uğurunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ustad sənətkar Kamandar Əfəndiyevin ömür yolu haqqında qısa məlumat verib. Vurğulayıb ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün türk dünyasında sevilən sənətkara çevrilib. Öz sənəti ilə böyük el məhəbbəti qazanan Aşıq Kamandarın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Aşıq Kamandar böyük ustad, unudulmaz və əvəzolunmaz sənətkar kimi xarakterizə edib.

Tədbirin bədii hissəsində tanınmış və gənc aşıqların ifaları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.