“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü
Bakı, 4 iyun, AZƏRTAC
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqiyə həsr edilən konsert proqramı olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının istedadlı gəncləri dünya və Azərbaycan klassik musiqisinin ən gözəl nümunələrini tamaşaçılara təqdim ediblər.
Tədbirin açılışında Mələk Mustafazadə, Həcər Hüseynli, İlay Kərimli və Nuray Səmədova Antonio Vivaldinin dörd skripka üçün konsertindən parça ifa ediblər.
Proqramda dünyaşöhrətli bəstəkarların əsərləri səsləndirilib. Gənc ifaçılar fortepiano, skripka, tar, qarmon və kanon kimi müxtəlif musiqi alətlərində öz məharətlərini göstəriblər.
Konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığı da xüsusi yer tutub. Qara Qarayevin, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin və Fikrət Əmirovun əsərləri gənc ifaçıların təqdimatında səslənib.
Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də müxtəlif bölgələrdən festivala qatılan gənc ifaçıların çıxışları olub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.