Sumqayıtda küçələri xüsusi məhlulla yumaq üçün Daxili Qoşunların texnikaları da cəlb olunub
Sumqayıt, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, şəhər kommunal xidmətləri tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.