Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var
Bakı, 25 iyun, AZƏRTAC
Demokratiya, insan hüquqları və humanitar məsələlər beynəlxalq hüquqdan və onilliklər ərzində ATƏT məkanında təhlükəsizlik və əməkdaşlığın əsasını təşkil edən ortaq prinsiplərdən ayrı nəzərdən keçirilə bilməz.
Bu gün regionumuz silahlı münaqişələr, humanitar böhranlar, məcburi köçkünlük və artan qütbləşmə kimi ciddi çağırışlarla üz-üzədir. Bu çağırışlar təkcə institutlarımızı deyil, bizi birləşdirən prinsiplərə sadiqliyimizi də sınağa çəkir. Onlar bir daha göstərir ki, davamlı təhlükəsizlik yalnız siyasi və ya hərbi vasitələrlə təmin oluna bilməz. Bunun üçün beynəlxalq hüquqa hörmət, səmərəli dövlət institutları, insan hüquqlarının etibarlı müdafiəsi və davamlı dialoq zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, demokratiya güclü institutlara əsaslanır: “İnsan hüquqları onların səmərəli müdafiəsini tələb edir. Humanitar fəaliyyət həmrəyliyə söykənir. Bütün bunların təməlində isə beynəlxalq hüquqa hörmət dayanır. Məhz buna görə də ortaq prinsiplərimiz ardıcıl, qərəzsiz və vicdanla tətbiq edilməlidir. Yalnız belə yanaşma iştirakçı dövlətlər arasında etimadı möhkəmləndirə və ortaq institutlarımıza inamı gücləndirə bilər”.
Deputat qeyd edib ki, Azərbaycan üçün bu prinsiplər abstrakt anlayışlar deyil: “Onlar davamlı sülhün qurulması və beynəlxalq öhdəliklərin insanların həyatında real nəticələrə çevrilməsi üçün praktik fəaliyyət istiqamətidir.
Bu gün Azərbaycan nümayiş etdirir ki, postmünaqişə dövrünün bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Bu, ilk növbədə insan ləyaqətinin bərpası, icmaların dirçəldilməsi və insanların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün imkanların yaradılması deməkdir”.
“Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var və hesab edirik ki, diqqətimizi məhz bu imkana yönəltməliyik. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsinə sadiqdir. İnanırıq ki, dialoq, qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət davamlı sülhün, insan təhlükəsizliyinin və regional əməkdaşlığın ən etibarlı təməlidir”, - deyə S. Fətəliyeva vurğulayıb.