Almaniyada yeni rəy sorğusu AfD-nin retinqinin artmaqda olduğunu göstərir
Berlin, 6 iyul, AZƏRTAC
Almaniyada keçirilən son ictimai rəy sorğusuna əsasən, Almaniya üçün Alternativ (AfD) partiyası seçicilərin artan dəstəyi sayəsində liderliyini daha da möhkəmləndirərək, əsas rəqibi olan Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) bloku ilə fərqi daha da artırıb.
AZƏRTAC xəbər verir ki, INSA ictimai rəy sorğusu institutunun “Bild am Sonntag” qəzeti üçün keçirdiyi həftəlik sorğunun nəticələrinə əsasən, AfD əvvəlki həftə ilə müqayisədə nəticəsini dəyişməyərək 29 faiz dəstək qazanıb. CDU/CSU blokunun reytinqi isə 1 faiz azalaraq 21 faizə enib. Beləliklə, iki siyasi qüvvə arasındakı fərq 8 faizə çatıb.
Sorğuya əsasən, Sosial Demokratlar Partiyası (SPD) mövqeyini 1 faiz artıraraq 13 faizə yüksəlib və Yaşıllar Partiyası ilə eyni nəticə göstərib. Sol Partiya 10 faiz, Azad Demokratlar Partiyası (FDP) və Sara Vaqenknext İttifaqı (BSW) isə hər biri 4 faiz dəstək qazanıb. Bu nəticə ilə FDP və BSW Bundestaqa düşmək üçün tələb olunan 5 faizlik baryeri aşa bilmir. Digər partiyaların ümumi göstəricisi 6 faiz təşkil edib.
Rəy sorğusuna qatılanların 40 faizi AfD-nin qadağan edilməsini dəstəklədiyini, 45 faizi isə buna qarşı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 42 faizi CDU/CSU və SPD-nin AfD ilə əməkdaşlıqdan imtinasını (Yanğın divarı) düzgün hesab etdiyi halda, 39 faizi bunun əleyhinə çıxıb.
Qeyd edək ki, AfD-nin iyulun 4-5-də keçirilən qurultayında partiyanın həmsədrləri Alis Vaydel və Tino Xrupalla yenidən bu vəzifəyə seçiliblər.